Şahmat üzrə “Skilling Open” turnirində üçüncü oyun gününə yekun vurulub.
“QİA.AZ”ın məlumatına görə, Azərbaycan təmsilçisi Teymur Rəcəbov turnirdə daha 5 görüş keçirib.
33 yaşlı qrossmeyster XI turda ağ fiqurlarla rusiyalı Sergey Karyakini məğlub edib. Növbəti 4 görüşünü heç-heçə ilə başa vuran Rəcəbov müvafiq olaraq, XII turda qara fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura, XIII turda ağ fiqurlarla çinli Le Kuanq Lyom, XIV turda qara fiqurlarla hindistanlı Vidit Santoş Gujrathi, XV turda isə ağ fiqurlarla ABŞ-dan olan həmkarı Uesli So ilə sülh bağlayıb.
Beləliklə, 15 turdan sonra xalını 8-ə çatdıran Rəcəbov ilkin mərhələni 6-cı pillədə başa vurub. İlk “8-lik”də yer alan şahmatçı 1/4 final mərhələsinə adlayıb. Onunla yanaşı, Maqnus Karlsen (Norveç), Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Yan Nepomnyaşi (Rusiya), Levon Aronyan (Ermənistan), Maksim Vaşye-Laqrav (Fransa) və Aniş Qiri (Niderland) də pley-offa vəsiqə qazanıb.
Qeyd edək ki, ümumi mükafat fondu 100 000 ABŞ dolları təşkil edən turnirin qalibi 30 000 dollara sahib olacaq.