“Bu il Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə daşımalar 116 %, İran xətti ilə 63 %, Avropa xəttində isə 15 % artım gözləyirik. Türkiyə coğrafi üstünlüklərini iqtisadi üstünlüklərə çevirmək üçün dəmir yollarına yatırılan investisiyaları sürətli şəkildə artıracaq”.
“QİA.AZ” xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu 2021-ci il büdcə təqdimatı zamanı parlamentdə deyib.
Onun sözlərinə görə, Çindən Şimal xətti ilə Sibir üzərindən Avropaya gedən 5 ədəd qatarın 30 %-ni bu dəmir yolu xəttinə yönəltmək üçün çalışırıq: “Orta Koridor” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) və BTQ vasitəsi ilə illik daşımaları 1,5 min vaqona çatdırılmasını, Çindən- Türkiyəyə arasındakı 12 günlük dəmir yolu səyahət müddətini isə 10 günə endirməyi hədəfləyirik. Pandemiya şəraitində bu il üçün yükdaşıma hədəfimiz 35,28 milyon tondur”.
Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.