Abdullah Uçan: Azərbaycan-Türkiyə gənclərinin işbirliyi qardaşlıq prinsipinə əsaslanır

Mayın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Gənclər Birliyinin üzvləri ilə ölkəmizdə səfərdə olan Türkiyənin Anadolu Aslanları İş Adamları Dərnəyi Gənclər Təşkilatının nümayəndə heyəti arasında görüş keçirilib.

QİA.az xəbər verir ki, bu barədə Partiyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Azərbaycanla Türkiyənin “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin zirvədə olduğunu bildirib. O, iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, milli maraqlarımızın uğurla təmin olunduğunu diqqətə çatdırıb. YAP Gənclər Birliyinin sədri bu amilin iki ölkə gənclərinin də sıx təmasları və əməkdaşlığı üçün möhkəm bünövrə yaratdığını diqqətə çatdırıb.

İki qardaş ölkənin hakim partiyaları arasında əlaqələrin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına önəmli töhfələr verdiyini vurğulayan B.İslamov 2021-ci ilin iyununda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ankaraya səfəri zamanı YAP ilə AK Parti arasında Əməkdaşlıq Protokolunun imzalanmasının əhəmiyyətini diqqətə çatdırıb. O, hər iki partiyanın gəncləri arasında fəal əməkdaşlığın mövcud olduğunu söyləyib.

Görüşdə Türkiyənin Anadolu Aslanları İş Adamları Dərnəyi Gənclər Təşkilatının rəhbəri Abdullah Uçan ölkəmizə səfərdən məmnunluğunu bildirib. Səfər çərçivəsində keçirilən görüşlərin əhəmiyyətindən bəhs edən A.Uçan rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib və təşkilatın öz sıralarında gənc iş adamlarını birləşdirdiyini qeyd edib. O, bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin gəncləri arasında dostluq və qardaşlıq prinsipinə əsaslanan işbirliyinin parlaq perspektivlərə malik olduğunu bildirib.

Görüş iştirakçıları iki qardaş ölkənin gənclərinin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına layiqli töhfə vermək əzmində olduqlarını vurğulayıblar.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.

Oxşar Xəbərlər