ABŞ-da ilk virtual Azərbaycan məktəbi təsis olundu

Dek16,2020
ABŞ-da ilk virtual Azərbaycan məktəbi təsis olundu

ABŞ-ın Florida ştatında fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Amerika Birləşmiş Ştatlarında ilk virtual Azərbaycan məktəbi təsis edilib.

QİA.AZ Reporta istinadən bildirib ki, “Vətən” adlı məktəbin təsis olunmasında məqsəd Azərbaycan dilinin təbliği, ABŞ-da yaşayan soydaşlarımıza, xüsusilə uşaq və gənclərə doğma dilimizin, mədəniyyətimizin və tariximizin öyrədilməsidir.

Məktəbin təsisçisi Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının prezidenti Töhfə Eminovanın sözlərinə görə, pandemiya şəraitində mövcud tələblərə uyğun olaraq, məktəbin təntənəli açılış mərasimi virtual formatda baş tutub və bu həftədən etibarən Azərbaycan dili dərslərinin onlayn tədrisi başlayıb: “Dərslər xüsusi hazırlanmış proqram üzrə peşəkar müəllimlər tərəfindən aparılır. Bakı şəhəri ilə digər ölkələr arasında saat fərqinə görə virtual dərslər uyğunlaşdırılmış saatlarda 2 növbə üzrə həftədə 1 və ya 2 dəfə olmaqla 1 saat ərzində keçirilir. Virtual dərslər 7-11, 12-16 yaş kateqoriyaları üzrə nəzərdə tutulub. Valideynlər də övladları ilə bərabər dərslərə qatıla bilirlər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan dərslərdə, ilk olaraq, uşaqlara Azərbaycan əlifbası öyrədilir. Gələcəkdə mövcud təhsil ocağını daha da təkmilləşdirəcəyik və dərslərimiz sinif otaqlarında keçiriləcək.”.

T.Eminova deyib ki, Azərbaycan reallıqlarının dünya ölkələrində təbliği istiqamətində ciddi işlər görülür və bu sahədə xaricdə yaşayan azərbaycanlı uşaq və gənclərin fəallığının, inkişaf rolunun gücləndirilməsinə ehtiyac var: “Yaxın gələcəkdə bununla bağlı böyük layihələrin reallaşmasını nəzərdə tutmuşuq. Belə ki, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə 2020-2021-ci tədris ilində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı uşaq və gənclərə vətənpərvərliyin təbliği, Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması, Azərbaycan mədəniyyətinin, tarixinin, turizminin tanıdılması və diasporlarla iş əlaqələrinin gücləndirilməsi istiqamətində “Azərbaycanı tanıyaq” adlı proqramın tərkibinə onlayn klublar şəbəkəsi daxil olmaqla vebinarlar və virtual dərslər keçiriləcək. “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində “Diyarşünaslıq”, “Ekoturizm”, “Azərbaycan mədəniyyəti və tarixi”, “Milli rəqslər”, “Milli musiqi alətləri”, “Azərbaycan mətbəxi”, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı”, “Sənətkarlıq” (xalçaçılıq, qurama, toxuma, dizayn), “Azərbaycan muğamı” daxil olmaqla, 10 fərqli istiqamət üzrə onlayn klubların tərkibində virtual dərslərin tədris olunması nəzərdə tutulub”.

Virtual dərslər xüsusi hazırlanmış proqram üzrə respublikanın tanınmış müəllimləri daxil olmaqla peşəkar təlimçilər tərəfindən keçiriləcək və qeyd olunan istiqamətlər üzrə onlayn dərslərə xarici ölkə vətəndaşları olan uşaq və gənclərin də cəlb edilməsi nəzərdə tutulub.

Oxşar Xəbərlər