Bu ilin 6 yanvarında ABŞ-da sabiq prezident Donald Trampın tərəfdarlarının Kapitolidəki qarışıqlıqlarından sonra 70-dən çox polis əməkdaşı işdən çıxıb.
“QİA.az”ın məlumatına görə, bu barədə polisin həmkarlar ittifaqına istinadən “Politico” nəşri bildirib.
Kapitoli polisinin Həmkarlar İttifaqının sədri Qus Papatanasiu bildirib ki, daha uzun saatlı iş günləri və yanvar, aprel hadisələrinin travmatik nəticələri ilə üzləşən polislər ruhdan düşüblər və vəziyyətdən çıxış yolu axtarırlar.
Yanvarın 6-da Birləşmiş Ştatların həmin vaxtdakı prezidenti Donald Trampın tərəfdarları Kapitolidə dağıntılar törədib və prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinə mane olub. Rəsmi məlumata görə, qarışıqlıqlar zamanı 5 nəfər həlak olub.
Aprelin əvvəllərində isə naməlum sürücü Kapitoli ərazisinə yaxınlaşıb. O, avtomobillə 2 polis əməkdaşını vurub və maşını hasara çırpıb. Naməlum şəxs sonra polis əməkdaşlarına hücum edib. Asayiş keşikçiləri ona atəş açaraq yaralayıblar. Cinayətkar xəstəxanaya aparılıb, lakin orada dünyasını dəyişib.