ABŞ-da təhsil alan azərbaycanlı doktorant: Ən böyük arzum ölkəmizin maliyyə sahəsi üzrə inkişafına töhfə verməkdir

Bu il Nyu-York Dövlət Universitetində maliyyə ixtisası üzrə 500 min dollar məbləğində tam təqaüd qazanaraq doktoranturaya qəbul olan Toğrul Ağbabalının müsahibəsini təqdim edirik.

  • Toğrul Ağbabalı kimdir? Özünüz haqqında məlumat verməyinizi istərdik.
  • Mən 2002-ci ildə Bakıda anadan olmuşam. Atam hüquqşünas, anam həkimdir. 2018-ci ildə 43 nömrəli məktəb-liseyi fərqlənmə ilə bitirmişəm. Sonra Türkiyədə İstanbul Texniki Universitetinə qəbul olmuşam. Xaricdə təhsil almaq arzusu uşaqlığımdan məndə olub. Uşaq vaxtı tədbirlər keçiriləndə, dərsdə inşa yazanda mən hər zaman böyüyəndə xaricə gedib təhsil alacağımı və Vətənimə qayıdıb burada işləyəcəyimi qeyd edirdim. Bu xəyalım məni əvvəlcə Türkiyəyə, sonra isə Amerikaya gətirdi.
  • ABŞ-da təhsil həyatınız necə başladı və davam etdi?
  • Amerikada təhsil həyatım planlı şəkildə başladı. Dediyim kimi, məktəbi bitirdikdən sonra İstanbul Texniki Universitetinin Nyu-York Dövlət Universiteti ilə ikili proqramı olan biznesin idarə edilməsi üzrə bakalavriat səviyyəsinə qəbul oldum. Proqramın qaydalarına uyğun olaraq əvvəlcə 2 il yarım İstanbul Texniki Universitetində təhsil aldım. Təhsilin qalan hissəsini Nyu-Yorkda davam etdirdim. Bu proqramda hər il xarici tələbələr üçün yalnız 3 yer açılır. Mən o 3 nəfərdən biri ola bildim. Onu da deyim ki, İstanbul Texniki Universitetində göstərdiyim ən yüksək nəticəyə görə Nyu-Yorkda maksimum rəqəm olan 50 faiz təqaüdü qazananlardan oldum. 2021-ci ilin əvvəlində təhsilimi Nyu-York Dövlət Universitetində davam etdirmək üçün ABŞ-a gəldim. 2022-ci ildə bakalavr təhsilimi başa vurdum. 2022-ci ildə maliyyə proqramı üzrə Corc Vaşinqton Universitetində magistraturaya qəbul oldum. 2024-cü ilin mayında magistratura təhsilimi başa vurdum və hazırda Nyu-York Universitetinin “Buffalo” kampusunda öz sahəm üzrə doktorantura təhsili alıram.
  • İxtisasınız barədə bir qədər məlumat verərdiniz.

– Mən bakalavr təhsili aldığım müddətdə fərqli sahələr üzrə dərslər seçərək hansı istiqamətdə ixtisaslaşmaq barədə düşünürdüm. Bir neçə istiqamətdə maliyyə üzrə də dərslər aldım. Tədricən bu sahəyə xüsusi marağımın olduğunu anladım. Niyə görə maliyyə? Maliyyə bir sıra problemlərin, aktual məsələlərin başında duran ən böyük səbəblərdəndir. Maliyyənin düzgün şəkildə idarə olunması bəlkə də ən vacib məsələdir. Maliyyə yalnız bizim həyatda gördüklərimiz deyil, həyatımızın bütün aspektlərini əhatə edən geniş məfhumdur. Ona görə də marağım maliyyə istiqamətində oldu.

– ABŞ-da tələbə olmaq nə deməkdir. Bu ölkənin təhsilini fərqli edən nədir?

– Məncə, bu suala çox yaxşı cavab verə bilərəm. Ona görə ki, həm ABŞ-da oxumuşam, həm də bakalavr təhsilimin birinci hissəsini Türkiyədə almışam. İstanbula gəldiyim və ilk dərslərimə başladığım zaman orada təhsil sistemi mənim üçün çox fərqli idi. Düşünürdüm ki, yəqin bu mənim ala biləcəyim ən yaxşı təhsillərdən biridir. Həqiqətən də İstanbul Texniki Universiteti hazırda Türkiyənin bir nömrəli universitetidir. Təhsilin keyfiyyəti hər zaman orada ən yüksək səviyyədədir. Lakin təhsilimi ABŞ-da davam etdirməyə başladıqdan sonra yeni bir mühitin şahidi oldum. Düşünürəm ki, bunun ən əsas faktorlarından biri dərslərdə interaktivlik səviyyəsidir. Yəni tələbələr dərslərdə sadəcə müəllimlərin dedikləri ilə kifayətlənmir, həmçinin dərslərdən sonra və hətta dərs zamanı real həyatı daha çox özündə əks etdirən problemlərin həlli ilə məşğul olurlar. Bu, mənim sahəmdə də belədir. Məsələn, maliyyə sahəsində biz real olmasa da, demo vəsaitlər hesabına ABŞ fond birjasında fərqli maliyyə üzrə araşdırmalar aparır və bir növ alqı-satqı həyata keçirərək, real həyatda bir maliyyəçinin etməli olduğu əməliyyatları icra edir və vəsait qazanmağa çalışırdıq. Sözün açığı, mən bunu öz sahəmdə olan əsas üstünlüklərdən biri kimi görürəm. Bu praktiki cəhətdən tələbəni real həyata hazırlayan bir yoldur. Tələbələr arasında yüksək səviyyədə rəqabət mövcuddur. Məsələn, bizim proqramda iştirak edən 25-30 tələbə arasında bütün dərslər üzrə rəqabət var idi.

– Doktoranturaya qəbul olmaq və böyük məbləğdə təqaüd almaq prosesi necə baş verdi? Hansı mərhələlərdən keçdiniz?

– ABŞ-da doktorantura pilləsində tələbəyə təqaüd verildiyi üçün tələbələr xüsusi seçim mərhələlərindən keçməli olurlar. Buraya tələbənin bakalavr və magistratura sahəsində əldə etdiyi nəticələr, ingilis dili bilikləri, GRI adlanan doktorantura imtahanı nəticələri daxildir. Tələbənin universitet zamanı həyata keçirdiyi fəaliyyətlərə də diqqət edilir. Mən Corc Vaşinqton Universitetində olarkən müəllim köməkçisi işləyirdim, qeydiyyatımda 350-dən çox tələbə var idi. Onlarla müəyyən fəaliyyətlər, görüşlər həyata keçirirdim. Bu amil seçimimdə çox böyük rol oynadı. Bununla yanaşı, tələbənin araşdırma üçün motivasiyası çox vacibdir. Seçim prosesində məndən araşdırma aparmaq istədiyim sahə üzrə kiçik bir yazı istədilər. Bütün bunların nəticəsində mənimlə bağlı müsbət fikirlə gəldilər. Mən hazırda universitetdə doktorantura pilləsində maliyyə üzrə qəbul olan ilk tələbəyəm.

– Bəs Amerikada nə kimi çətinliklərlə qarşılaşmısınız?

– Məncə, xaricdə təhsil alan bütün tələbələrin üzləşdiyi əsas çətinlik mənəvi tərəflə bağlıdır. Xüsusilə ABŞ-da olmaq o deməkdir ki, vətəndən, ailədən, sevdiklərinizdən 8000-9000 min kilometr uzaqlardasan. Bir tələbə kimi gəlib burada yerləşmək, eyni zamanda, təhsili ən yüksək səviyyədə almağa çalışmaq, problemləri təkbaşına həll etmək bunun ən çətin tərəflərindən biridir. Mənim də qarşılaşdığım çətin məqamlar bununla bağlı olub.

Adaptasiya məsələləri ilə ölkəsini dəyişən hər kəs qarşılaşır. ABŞ-da bu, xüsusilə çətindir. Vurğulamaq istərdim ki, Bakı və İstanbuldan sonra Nyu-York, Vaşinqton kimi şəhərlərə köçmək çox fərqlidir. Türkiyə və Avropaya getdikdə tələbələrin qarşılaşdığı cəmiyyətlər bizimkinə nisbətən daha yaxındır. Burada mühit isə bizim toplumdan çox uzaq və fərqlidir.

– Karyera planlarınız nədir? ABŞ-da qalmağı, ya Azərbaycana qayıtmağı düşünürsünüz?

– Hazırda Nyu-York Dövlət Universitetində doktorantura təhsili alıram. Düşünürəm ki, hər bir doktorantura tələbəsinin karyera hədəfi oxuduğu və ya araşdırma apardığı sahəyə gələcəkdə töhfə verməkdir. Ən böyük hədəfim maliyyə sahəsi üzrə araşdırma aparmaq və bu sektora töhfə verməkdir. ABŞ-da, ya Azərbaycanda qalmaq sualına gəldikdə isə qətiyyətlə cavab verə bilərəm ki, ən böyük hədəflərimdən və ən böyük xəyallarımdan biri gələcəkdə Azərbaycanın maliyyə sahəsi üzrə inkişafına töhfə verməkdir. Gələcəkdə Azərbaycana qayıdıb orada işləmək, fəaliyyət göstərmək, araşdırmalar aparmaq istəyirəm.

– Amerikada azərbaycanlı tələbənin ölkənin tanıdılması baxımından fəal olması da çox vacibdir. Siz indiyə qədər nə kimi tədbirlərin təşkilində iştirak etmisiniz?

– Corc Vaşinqton Universitetində magistratura təhsili aldığım dövrdə oradakı azərbaycanlı tələbələrlə birgə Corc Vaşinqton Tələbələr Birliyi adı altında həm Azərbaycanın ABŞ-dakı səfirliyi, həm də Diasporla İş üzrə Dövlət Komitəsi ilə birlikdə bir neçə tədbir keçirmişik. Buraya 20 Yanvar faciəsinin, Xocalı soyqırımının ABŞ-da tanıdılması, 8 noyabr Zəfər Günü ilə bağlı tədbirlərimiz daxildir. Həmçinin Novruz və digər bayramlarla bağlı adət-ənənələrimizi universitet tələbələrinə nümayiş etdirmək məqsədilə bir neçə tədbirimiz olub. Ümumiyyətlə, burada tələbə olduğumuz vaxtda təkcə təhsilə köklənməmişik, həm də Azərbaycanın gücümüz çatdığı qədər həm universitetdə, həm də Virciniya, Merilend və Vaşinqtonda (DMV) daha çox tanınması üçün çox sayda tədbirlər həyata keçirmişik.

– Xaricdə və ABŞ-da təhsil almaq istəyənlərə tövsiyələriniz nədir?

– Ən böyük tövsiyəm odur ki, heç zaman geriyə addım atmasınlar, təslim olmasınlar. ABŞ-da rəqabətlilik yüksək səviyyədədir. Dünyanın hər bir yerindən tələbələr ABŞ-da təhsil almaq üçün müraciətlər edirlər. Bu da yüksək səviyyədə rəqabət mühiti yaradır. Bu rəqabətə görə bəzən insanlar müraciətlərinə müsbət cavab ala bilmirlər. Ona görə də ən böyük tövsiyəm odur ki, tələbələr bu il alınmadısa, gələn il üzərilərində daha çox işləyərək yenidən cəhd etsinlər. Tələbələr buraya təhsil almağa gəldikdə təhsildən sonra burada qalmaq düşüncəsi ilə gəlməsinlər. Onlar buraya gəlsinlər, həm təhsil alsınlar, həm də Azərbaycanı burada tanıtmağa çalışsınlar. Onlar tələbə təşkilatlarına qoşularaq fəal ola bilərlər. Ən əsası da təhsil alıb öz sahələri üzrə ixtisaslaşdıqdan sonra töhfə vermək üçün hər zaman Azərbaycana qayıtmağı düşünsünlər.

Azərbaycanın təhsil sistemi son illər çox sürətlə inkişaf edir. Bunu heç kəs dana bilməz. Əlbəttə ki, ABŞ universitetləri də köklü və təcrübəli sistem üzərində qurulub və azərbaycanlı tələbələrə buradakı təhsildən faydalanmağı da tövsiyə edərdim.

Oxşar Xəbərlər