ABŞ-nin Beyrutdakı səfirliyi amerikalıları istənilən uçuşla Livanı tərk etməyə, qalmağa qərar verənləri isə fövqəladə vəziyyət üçün fəaliyyət planı hazırlamağa çağırıb.
QİA.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Livandakı diplomatik missiyasının yaydığı bildirişdə qeyd olunub.
Səfirliyin bildirişində bir çox aviaşirkətin Beyruta uçuşları dayandırdığı və ya ləğv etdiyi, həmçinin bir çox reyslər üçün biletlərin tükəndiyi diqqətə çatdırılıb.
Bununla belə, səfirlik vətəndaşları “reys dərhal yola düşməsə və ya seçdikləri marşrutla getməsə belə, əlçatan istənilən bileti bron etməyə” çağırıb. Vurğulanıb ki, bilet almaq üçün pulu olmayanlar maliyyə yardımı üçün səfirliyə müraciət edə bilərlər.
Livanda qalmağa qərar verənlərə isə “fövqəladə vəziyyət üçün fəaliyyət plana” malik olmaq və “uzun müddət olduğu yerdə sığınmağa hazır olmaq” tövsiyə olunub.
Xatırladaq ki, son bir neçə gündə İsrail ilə Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatı qarşılıqlı hücumlar olub. Belə ki, iyulun 27-də axşam saatlarında İsrailin nəzarətində olan Colan təpələrinin atəşə tutulması nəticəsində 12 nəfər – 10-16 yaş arası yeniyetmələr həlak olub. İsrail rəsmiləri hücumda “Hizbullah”ı suçlayıb və qrupun “bütün qırmızı xətləri keçdiyini” vurğulayıb.
“Reuters”ə görə, “Hizbullah” “yüksək hazırlıq vəziyyətindədir” və mümkün İsrail hücumu halında Livanın cənubundakı bəzi əsas obyektləri “təmizləyib”.