ABŞ-ın Pensilvaniya ştatının Şərq Dairəsi Federal Məhkəməsi ABŞ Ticarət Nazirliyinin “TikTok” tətbiqinin noyabrın 12-dən etibarən istifadəsini qadağan edən qərarının müvəqqəti olaraq dayandırılmasına qərar verib.
“QIA.AZ” xəbər verir ki, bu barədə “Wall Street Journal” məhkəmə qərarına istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, bu işdə iddiaçı kimi “TikTok”da fəal olan üç bloger çıxış edib. Onlar sosial şəbəkənin qadağan olunacağı təqdirdə “TikTok”un təmin etdiyi peşəkar imkanlara çıxış imkanlarını itirəcəklərini iddia etmişdilər. Nəticədə məhkəmə onların iddasını təmin edib.
Daha əvvəl ABŞ Ticarət Nazirliyi “TikTok”un milli təhlükəsizliyə təhdidlə əlaqəli problemi aradan qaldırmayacağı halda noyabrın 12-dən etibarən ölkədə bu sosial şəbəkənin istifadəsinin qadağan ediləcəyini açıqlamışdı.
Xatırladaq ki, ABŞ administrasiyası “TikTok”u tətbiqetmədən amerikalıların məlumatlarını Çin səlahiyyətlilərinə ötürə bilmək ehtimalına görə günahlandırır. Onun sahibi olan “ByteDance” şirkəti bunu inkar edir.
“TikTok” – Çinin “ByteDance” şirkətinə məxsus tətbiqdir, qısa videolar yaratmaq və izləmək üçün nəzərdə tutulub. 2018-ci ildə yaradılan tətbiq Çində qısa videolar üçün tətbiqetmələr arasında liderə çevrilib və dünyada məşhurlaşmağa başlayıb.