Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Cozef Baydenin iyun ayında Brüsseldə keçiriləcək NATO sammiti çərçivəsində baş tutacaq görüşü iki ölkə arasındakı münasibətlərdə yeni bir dövrün başlanğıcı olacaq.
QİA.AZ-ın məlumatına görə, bunu böyük ABŞ şirkətlərinin rəhbərləri ilə onlayn görüş zamanı Rəcəb Tayyib Ərdoğan deyib.
İki ölkə arasında iqtisadi əməkdaşlıq perspektivlərinə toxunaraq, T.Ərdoğan Ankaranın Türkiyə ilə ABŞ arasındakı ticarət həcminin 100 milyard dollara çatmasını hədəfə qoyduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, bu hədəfə çatmaq üçün tərəflər birgə maraqlara və dəyərlərə əsaslanan səmimi yanaşma nümayiş etdirməlidirlər.
Ölkənin iqtisadi uğurlarından bəhs edən T.Ərdoğan Türkiyənin Çindən sonra 1,8 faiz ilə G20-də ən yüksək iqtisadi artıma sahib olan ölkə olduğunu qeyd edib:
“2021-ci ilin ilk 4 ayında Türkiyənin ixracı ötən ilin eyni dövrüilə müqayisədə 45 faiz artaraq 4 milyard 272 milyon dollara çatıb”.
Dövlət başçısı pandemiyanın yaratdığı qeyri-müəyyənliyə baxmayaraq, Türkiyənin investisiya cəlbediciliyində ciddi bir artım olduğuna da diqqət çəkib.
O bildirib ki, yaxın zamanda ölkə rəhbərliyi Türkiyə ictimaiyyətinə və beynəlxalq investorlara ölkə iqtisadiyyatına birbaşa xarici investisiya strategiyalarını təqdim edəcəklər.
Onun sözlərinə görə, Türkiyə ölkənin texnoloji transformasiyasını sürətləndirəcək, yeni iş yerləri açacaq və cari hesab balansına müsbət təsir edəcək layihələrə xüsusi əhəmiyyət verir.
T.Ərdoğan əlavə edib ki, Türkiyə investisiyaların stimullaşdırılması və investorlara güzəştlərin verilməsi sistemini asanlaşdırmaq niyyətindədir.