ABŞ administrasiyası məhbusların azad edilməsi ilə bağlı Vaşinqtonun tələblərini yerinə yetirmədiyi üçün Venesuela hakimiyyətinə qarşı mümkün addımları nəzərdən keçirir.
QİA.az “Report”-a istinadla xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CBS telekanalında deyib.
ABŞ-ın Venesuela hakimiyyətinin “siyasi məhbusları” və “səhv olaraq həbs edilmiş” amerikalıları azad etməməsi fonunda Karakasa qarşı sanksiyaları yenidən sərtləşdirmək niyyətində olub-olmaması ilə bağlı suala Kirbi deyib:
“Bu qərarları qəbul etmək üçün noyabrın 30-u axşama qədər vaxtları olub. Təəssüf ki, etmədilər. Beləliklə, biz indi mümkün siyasi addımlar məsələsinə qayıtmışıq və şansları qiymətləndiririk. Qərar vermə prosesimiz baxımından vəziyyəti qabaqlamaq istəmirəm, lakin indi mövcud variantlara baxırıq”.