Abşeron rayonu

Abşeron rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. İnzibati mərkəzi Xırdalan şəhəridir.

Tarixi

Abşeron rayonu 4 yanvar 1963-cü ildə təşkil olunmuşdur. Abşeron rayonu ötən illər ərzində Bakı və Sumqayıt şəhərlərinin inzibati ərazilərindəki kolxoz və sovxozlara, quşçuluq sənayesinə, aqrar sahəyə xidmət edən idarə və müəssisələrə, kənd tikinti və meliorasiya təşkilatlarına, aqrar istiqamətli elmi-tədqiqat institut və laboratoriyalarına yüksək ixtisaslı rəhbərliyi təmin etmək məqsədilə yaranmışdı. O həmçinin hər iki sənaye mərkəzinin kənd təsərrüfatı məhsullarına ehtiyacının daha dolğun ödənilməsinə xidmət etmək vəzifəsini həyata keçirmişdir.

Tarixi abidələr

Rayon ərazisində mövcud qəsəbə və kəndlərdə hələ XIV–XVII əsrlərdə tarixi abidələr, məscid, ovdan və karxanalar mövcuddur. Rayonun əsas tarixi abidələri aşağıdakılardır:

  • Xırdalanda — Məşədi İmambaxış hamamı və Hacı Həsən ovdanı (1904);
  • Novxanıda — XVII əsrə aid Şah Sultan Hüseyn məscidi;
  • Masazırda — XV əsrə aid “Xan bağı” türbəsi;
  • Məmmədlidə — “Yanar dağ”, XVIII əsrə aid ovdan və Ağ məscid;
  • Qobuda — 700 il əvvəl xalçaçılıq yaranmışdır;
  • Hökməlidə — XIX əsrə aid Əlimurad hamamı və xalçaçılıq;
  • Fatmayıda — XVII əsrə aid Hacı Heybət məscidi, XIX əsrə aid Məhəmməd Həsən hamamı və XIX əsrə aid Əlibattı məscidi;
  • Digahda — XVII əsrə aid Cümə məscidi və tunc dövrünə aid Kurqan gölü;
  • Sarayda — Köhnə Saraydakı qədim hamam binası;

Etimologiya

Sözün etimologiyası ilə müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçılar “Abşeron” sözünün fars dilində — ab (su) və şoran (duzlu) sözündən əmələ gəldiyini bildirirlər. Mənası “Şor su” deməkdir. Bir çox alimlərin fikrincə isə “Abşeron” oğuz boylarından biri olan avşar və yaxud əfşar tayfa adı ilə bağlıdır. Bəzi mənbələrin məlumatına görə, Bakı şəhəri yaxınlığında, İrandan Dərbəndə gedən karvan yolunun üzərində əfşəran adlı yaşayış məntəqəsi olmuşdur. Orta əsrlərdə Xəzər dənizinin qərb sahilində, Pirallahı adasının qarşısında Əfşəran adlı şəhərin mövcudluğu haqqında məlumat verilmişdir. Türk-səlcuq tayfa birliyinə daxil olmuş və Azərbaycan xalqının etnogenezində iştirak etmiş əfşarlar Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynamışdır. Nadir şah Əfşarın dövründə bir müddət hakimiyyəti ələ ala bilmişdilər. Belə olan şəraitdə əfşarların adı Azərbaycan toponimiyasında öz əksini tapdığı güman edilir. Odur ki, Abşeron toponiminin “əfşar yaşayan yer” kimi izah olunması məntiqə daha çox uyğun gəlir.

Coğrafi mövqeyi

Abşeron Xəzər dəniziniin qərb sahilində yerləşir.

Abşeron rayonu şimaldan Sumqayıt şəhəri ilə, şimali-qərbdən Xızı rayonu ilə, qərbdən Qobustan rayonu ilə, cənubi-qərbdən Hacıqabul rayonu ilə, şərqdən isə Bakı şəhəri ilə qonşudur.

Təbiəti

Abşeron yarımadasında bir çox qara tut sortları yetişir ki, bunlardan da ən keyfiyyətlisi xartut adlanır. Ağ tutdan olduğu kimi qara tutdan da azərbaycanlılar mürəbbə bişirirlər. Həmçinin püstə, badam və zeytun ağaclarıda Abşeron yarımadasında yetişdirilən ağaclardır.

Abşeronda becərilən yem bitkiləri bunlardı: yovşan, tüksüz biyan, yonca, sərt quramat, sahil tonqal otu, bozqır pişikquyruğu, barmaqvari çayır, pomidor, badımcan, kök, soğan.

Yaşayış məntəqələri

Rayon ərazisində 1 şəhər (Xırdalan) 8 qəsəbə (Ceyranbatan, Saray, Mehdiabad,Nübar, Digah, Qobu, Güzdək, Hökməli, Aşağı Güzdək) 6 kənd (Masazır, Fatmayı, Məmmədli, Görədil, Pirəkəşkül və Novxanı) vardır.

Əhalisi

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

Əhalisi 1 aprel 2006-cı il tarixinə əsasən 102,5 min nəfərdir və əsasən Azərbaycan Türklərindən ibarətdir. Rayonun ərazisində Ermənistan Respublikasından etnik təmizləmə nəticəsində 3327 nəfər qaçqın, işğal olunmuş rayonlardan olan 16872 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.

Görkəmli şəxsləri

Xırdalan şəhəri:

  • Mirəsədulla Mirqasımov — tibb elmləri doktoru, akademik.
  • Nəbi Xəzri — Azərbaycanın xalq şairi.
  • Ağahüseyn Cavadov — Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti Əbdüləli Müraəlov — Azərbaycan SSR Ali Sovetinin deputatı
  • Oqtay Mirqasımov — Azərbaycan kinorejissoru, ssenarist, Azərbaycanın xalq artisti
  • Mirəli Mirqasımov — heykəltəraş, Azərbaycanın əməkdar incəsənət xadimi
  • Teymur Rzayev — Azərbaycan Respublikası Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü.
  • Aydın Xırdalanlı — meyxanaçı, şair, qəzəlxan.

Saray qəsəbəsi:

  • Vəli Axundov — akademik, dövlət xadimi.
  • Mikayıl Ələkbərov — Sovet İttifaqı Qəhrəmanı.

Qobu qəsəbəsi:

  • Qəzənfər Xalıqov — Azərbaycanın xalq rəssamı.

Novxanı kəndi:

  • Şıxəli Qurbanov — yazıçı-dramaturq, dövlət xadimi.
  • Mehdi Hüseynzadə — Sovet İttifaqı Qəhrəmanı.
  • Süleyman Rüstəm — Azərbaycanın xalq şairi.
  • Məhəmməd Əmin Rəsulzadə — Azərbaycan Demokratik Respublikasının qurucularından biri.
  • Lütfi Zadə — akademik.
  • Əzim Əzimzadə — Azərbaycanın xalq rəssamı.
  • Aqşin Əlizadə — bəstəkar.

Fatmayı kəndi:

  • Əbülfəz Qarayev — tibb elmləri doktoru, professor.
  • Qara Qarayev — bəstəkar.
  • Böyükağa Mirzəzadə — Azərbaycanın xalq rəssamı.
  • Cəlil Cavadov — kontr-admiral.

Masazır kəndi:

  • Əliağa Vahid — şair-qəzəlxan.

Digah qəsəbəsi:

  • Arif Salahov — general-mayor.

Mehdiabad qəsəbəsi:

  • Ceyhun Musaoğlu — jurnalist, AR Prezidentinin tərəqqi medalı mükafatçısı, “Media Açarı” mükafatının sahibi.

İqtisadi xarakteristikası

Sovetlər birliyi dövründə Abşeron rayonu inkişaf etmiş sənaye-aqrar bölgə olmuşdur. Hazırda rayonda 148 ticarət və ictimai-iaşə xidməti, 22 sənaye istehsalı, yanacaqdoldurma, 27 aptek, 4 nəqliyyat və 21 kənd təsərrüfatı müəssisəsi mövcuddur.

Səhiyyə

Hazırda Abşeron rayonunda 20 səhiyyə müəssisəsi və şəhər sağlamlıq mərkəzi əhaliyə xidmət göstərir. Bu müəssisə və mərkəzlər aşağıdakılardır:

  1. Mərkəzi Xəstəxana — Xırdalan şəhər 28-ci məhəllə
  2. Saray qəsəbə Xəstəxanası — Saray qəsəbə, Mikayıl Ələkbərov küç.
  3. Qobu qəsəbə Xəstəxanası — Qobu qəsəbə, Aşur Həsənbalayev küç.46
  4. Xırdalan şəhər Poliklinikası — Xırdalan şəhər, Məmmədəmin Rəsulzadə küç.12
  5. Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi — Xırdalan şəhər, Heydər Əliyev prospekti 185
  6. Uşaq Poliklinikası — Xırdalan şəhər, Məmmədəmin Rəsulzadə küç.12
  7. Ceyranbatan qəsəbə Həkim Ambulatoiyası — Ceyranbatan qəsəbə, Nizami 3
  8. Digah qəsəbə Həkim Ambulatoriyası — Digah qəsəbə, Səməd Vurğun küç
  9. Mehdiabad qəsəbə Həkim Ambulatoriyası — Mehdiabad qəsəbə, Əzizbəyov küç.10a
  10. Hökməli qəsəbə Həkim ambulatoriyası — Hökməli qəsəbə, Mirzağa Əliyev küç.11
  11. Aşağı Güzdək qəsəbə Həkim Ambulatoriyası — Aşağı Güzdək qəsəbə, T/Məmmədov küç.2
  12. Güzdək qəsəbə Həkim Ambulatoriyası — Güzdək qəsəbə, Elman Heydərov küç.
  13. Fatmayi kənd Həkim Ambulatoriyası — Fatmayi kənd, Əliağa Ağayev küç.
  14. Məhəmmədi kənd Həkim Ambulatoriyası — Məhəmmədi kənd, Əlibayramov küç.31
  15. Masazır kənd Həkim Ambulatoriyası — Masazır kənd, Əliağa Vahid küç.
  16. Novxanı kənd Həkim Ambulatoriyası — Novxanı kənd, İlqar Abdullayev küç.
  17. Pirəküşkül Feldşer Mama Məntəqəsi — Pirəküşkül kənd, Xoşbəxt Məmmədov küç.
  18. Qobustan Feldşer Mama Məntəqəsi — Qobustan kənd, Cəfər Cabbarlı küç.
  19. Görədil kənd Feldşer Mama Məntəqəsi — Görədil kənd, İlqar Yusifov küç.
  20. Güzdək Hərbi Hissə Feldşer Mama Məntəqəsi — Güzdək qəsəbə

Mədəniyyət və təhsil müəssisələri

Hazırda Abşeron rayonunda qədim tarixi abidələrlə yanaşı müasir istirahət parkları, 2 muzey, 4 mədəniyyət evi əhaliyə xidmət göstərir.

Təhsil sahəsində 1 ali məktəb, 2 texniki peşə litseyi, 1 kollec, 36 ümumtəhsil məktəbləri, 22 uşaq bağçaları, “uşaq gənclər”i idman məktəbi fəaliyyət göstərir.

Maddi-mədəni irsi

Güzdək qəsəbəsi ərazisində XIX əsrə aid dörd ədəd “Dəvəlik” adlanan təsərrüfat tikilisi mövcuddur. Teymur Həmidova, Məlik və Məmməd Rzayevlərə məxsus həmin tikililər təsərrüfat məqsədilə istifadə olunmasa da qorunub saxlanılır.

XIX əsrdə Görədildə həmin kəndin sakini Hacı Qurbanın tikdirdiyi Əbdürrəhman məscidi, Digahlı Mir Qohum ağanın tikdirdiyi məscid, XVIII əsrdə Xırdalan kənd icması tərəfindən tikilmiş məscid, Məmmədlidə XVIII əsrdə Qaradağlılar nəsli tərəfindən inşa edilmiş məscid, XIX əsrdə Məmmədli kəndində Şahsevənlər tərəfindən tikilmiş məscid, Novxanıda XIX əsrdə Hacı Səfəralının ibadət və dini tədris məqsədilə tikilmiş məscid-mədrəsə, həmin kənddə XVII əsrdə Şahsultan Hüseyn adlı şəxs tərəfindən tikilmiş məscid, Fatmayıda XIX əsrdə tikilərək kənd ağsaqqalı Əlbattinin adı verilmiş məscid, XVII əsrdə tikilmiş Hacı Heybət məscidi, XVIII əsrdə tikilmiş Salam məscidi, Saray kəndindəki XIX əsrə aid Hacı Bədəl məscidi mövcuddur ki, bunların da əksəriyyəti son onillikdə bərpa olunaraq dini mərasimlərin keçirilməsinə xidmət edir.

Rayon ərazisində orta əsrlər üçün mədəni həyat tərzinin göstəricisi olan ictimai hamamların bir neçəsi qorunub saxlanılmışdır. O cümlədən, XIX əsrdə Qobuda Hacı Kazım tərəfindən, Xırdalanda Məşədi İmam Baxış tərəfindən inşa edilmiş hamamların tikililəri qalmaqdadır.

Qədim Abşeron kəndlərində su ilə təminatda çox mühüm rol oynamış övdanlar Güzdək və Xırdalan yaşayış məntəqələrinin ərazisində indiyədək qalmaqdadır.

Rayonun ərazisində digər tarixi abidələr, o cümlədən, Fatmayıda, Digahda, Masazırda, Hökməlidə və Sarayda XIII–XVIII əsrlərə aid türbələrin və s. qalıqları mövcuddur.

Yerli media

Abşeron rayonunda kütləvi informasiya vasitəsi kimi fəaliyyət göstərən və “Abşeron” qəzetidir.

Regionun tarixi inkişafı

Abşeron möhtəşəm əhəngdaşı, zəfəranı, duzu, üzüm bağları, nadir balıqların rast gəlindiyi və çox qədim zamanlardan Avropa və Asiyada çox tanınan neft ehtiyatları ilə zəngindir. Bu zəngin təbiət xəzinəsində, Abşeron memarlığı xüsusi yer tutur. Memarlıq hər bir dövlətin yüksək mədəniyyətinin göstəricisidir.

Abşeronu tarixi nöqteyi nəzərindən Şirvanşahlar sülaləsi (XI–XV əsrlər), Səfəvilər (XVI–XVIII əsrlər), Bakı xanları və kapitalizm dövründən başlayaraq araşdırmaq olar. Hər bir dövr ümumi memarlıqda öz izlərini qoymuşdur. İqtisadi imkanlardan və siyasi stabillikdən asılı olaraq müdafiə tikililəri, yaşayış, mülki və dini binalar ucaldılırdı və bu tikintilər müxtəlif formalarda aparılırdı. Bütün bunlar Şirvan Abşeron kəndlərinin tarixinin inkişafına və formalaşmasına şərait yaradırdı.

Bir zamanlar Abşeron müəyyən bir səbəblərdən ticarət yollarından, xüsusilə də, yarımsəhra Qobustan yolları ilə kəsişməsi səbəbindən böyük İpək Yolundan kənarda qalmışdı, lakin qədim dövrlərdən tanınan neftə, duza, zəfərana sahib olması və Xəzər dənizi sahilində yerləşməsi onu beynəlxalq əlaqələrinin yaranmasına imkan verirdi. Zəngin təbii sərvətlərin və coğrafi imkanların vəhdəti Abşeronun 39 tarixi məntəqəsində özünəməxsus memarlıq şəhərsalma mədəniyyətini yaratmağa imkan verirdi.

Abşeronda mövcud olan yerləşmə məntəqələri, sərbəst şəhərsalmanın inkişaf etməsi və formalaşması sistemində irəliləməsinə, ölçü cəhətdən böyük ərazi həllərinin yaranmasında xüsusi rol oynamışdılar. Şirvanşahlar dövrü bütünlüklə Abşeron ərazisində böyük qalaların, sarayların, müdafiə tikililərinin yaradıldığı bir dövr idi. Şirvanşah III Mənuçöhrün (1120–1160) və onun oğlu Axsitanın (1160–1196/97) adları Mərdəkan kəndindəki sarayların üzərinə həkk olunmuşdur. Bakı divarlarının tikintisi, böyük Şirvanşah Əbü-l-Hacı Mənuçöhrün adı ilə bağlıdır. İstehkam xarakterli abidələrin üzərindəki epiqrafik əlyazmalarda sərkərdələrin, Şirvanşahlar dövlətinin fəal siyasi xadimlərinin adlarına rast gəlinir. Məhz bu tikililər Abşeronun yaşayış məntəqələrinin inkişafına köməklik etdi və bunun sayəsində Buzovna, Mərdəkan, Maştağa, Bilgəh, Nardaran, Ramana və digər kəndlərin əsas şəhərsalma mövqeyi formalaşdı.

Abşeronda mövcud olan saraylar artıq öz yerli əhəmiyyətini itirdikləri zaman, əhali digər tikinti istiqamətində intensiv olaraq çalışmağa başladılar və zamanla məhəllə üslublu dini tikililər, ictimai mərkəzlər yaranmağa başladı.

Səfəvilər dövrü Abşeronun memarlığında, yaşayış məntəqələrinin inkişafında yeni bir dönəm oldu. II Şah Abbasın dövründə Nardaranda tikilimiş karvansara üslublu mülki tikililəri buna nümunə olaraq göstərilə bilər. Səfəvilər dövrü memarlıq abidələrini Şirvanşahlar dövrü ilə müqayisə edərkən istər məkan ölçüsü, istərsə də memarlıq planlaşdırma baxımından tamamilə fərqli üslub istiqamətində olduğunu deyə bilərik. Burada istiqamət mülki və dini memarlıq tərəfinə doğru dəyişdi və bu Abşeronun yeni- iqtisadi inkişaf şərtləri ilə əlaqədar idi

Bakı xanları dövrü Abşeronun kapitalizmə qədəm qoymazdan əvvəl son dövrü idi və bu dövr kəndlərin intensiv inkişafı, Bakı ilə yanaşı Buzovna, Maştağa və Şüvəlanda xan saraylarının, məscidlərin, hamamların, ovdanların, məqbərələrin inşası ilə müşahidə olunur.

Kapitalizm dövrü Abşeronun infrastrukturunu dəyişərək, tarixi kəndlərin patriarxallığını məhv etdi. İri miqyaslı neft sənayelərinin və neftayırma zavodlarının inşası yerli kapitalın böyüməsinə və burjuaziyanın formalaşmasına səbəb oldu, bu isə onlara dünya bazarına çıxmağa şərait yaratdı. Bu dövrdə, Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev, Ağa Murtuza Muxtarov, İsa bəy Aşurbəyov, Kərbalayi İsrafil Hacıyev, Hacı Mustafa Rəsulov, Əmiraslanov qardaşları və digər bu kimi Bakı milyonçularının meydana çıxması Azərbaycanın milli tarixində öz damğasını vurmuşdur.

İstinadlar

  1. ↑ İ.A.Gülməmmədovanın Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  2. ↑ AZƏRBAYCAN RESPUBLİKASI ABŞERON RAYON İCRA HAKİMİYYƏTİ
  3. ↑ https://www.stat.gov.az/source/demoqraphy/ap/az/population_2019.zip
  4. ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.10.
  5. ↑ E.K.Əlizadə Q.İ.Rüstəmov E.C.Kərimova. Abşeron yarımadasının müasir landşaftlarının ekogeokimyəvi xüsusiyyətləri.Monoqrafiya.Bakı.”Avropa”.2015.245 səh.
  6. ↑ Absheronxeber.az
  7. ↑ Absheron.tv
  8. ↑ Azərbaycan memarlığı inkişaf yollarında, R. Ağazadə, Y. İbrahimli, “Şərq-Qərb” nəşriyyat evi, Bakı — 2013

Xarici keçidlər

  • Abşeron Rayonu İcra Hakimiyyətinin saytı
Rayon
Abşeron rayonu
40°27′26″ şm. e. 49°44′18″ ş. u.
Ölkə Azərbaycan
DaxildirAbşeron iqtisadi rayonu
İnzibati mərkəzXırdalan
İcra başçısıİradə Gülməmmədova
Tarixi və coğrafiyası
Yaradılıb4 yanvar 1963
Sahəsi1966,1 km²
Hündürlük293 m
Əhalisi
Əhalisi212 600nəfər
Rəqəmsal identifikatorlar
ISO koduAZ-ABS
Telefon kodu(+994) 012
Poçt indeksiAZ 0100
Avtomobil nömrəsi01, 99

Oxşar Xəbərlər