Bu gün səhər saatlarından başlayaraq Abşeron rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə növbəti profilaktik təbliğat işlərinə start verilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi və Mehdiabad Polis Bölməsinin əməkdaşlarından təşkil olunan mobil qruplar vasitəsi ilə Xırdalan şəhəri, Mehdiabad və Novxanı qəsəbələrində fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirilib, sakinlərlə söhbətlər aparılıb.
Polis əməkdaşları tərəfindən satıcı və alıcıların tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərdə yarana biləcək sıxlığın qarşısının alınması və ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha diqqətə çatdırılıb.
Reydlər zamanı mağazalara maskasız daxil olan və bu hala nəzarət etməyən obyekt əməkdaşları polislər tərəfindən qanunvericiliyə uyğun şəkildə ciddi cəzalandırılıblar. Tədbir zamanı polislər satıcı və alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.
Reydlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən, dəfələrdə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.
Abşeron rayonunda karantin qaydlarına əməl olunmasını təmin etmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Vətəndaşlarımızdan biz daha tələb olunur ki, koronovirusun cəmiyyətimizin müxtəlif təbəqələri arasında yayılmasına imkan verməmək üçün krantin qaydalarına əməl etsinlər. Bunun üçün hər birimizdan sosial məsafəni gözləmək, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etmək və şəxsi gigiyenamıza fikir vermək tələb olunur.
Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 1 dekabr saat 06:00-dək uzadılıb.