Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Bu barədə “QİA.az”a AQTA-dan məlumat verilib.
Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 16 ünvanında fəaliyyət göstərən, “Ay-Min” MMC-yə məxsus kolbasa və sosiska məhsullarının istehsalı sexində yoxlama keçirilib.
Yoxlama zamanı kolbasa məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələrin nəticələrinə əsasən məhsulda nitritin kütlə payının texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi aşkar olunub.
Eyni zamanda, müəssisənin anbarında və istehsalat sahəsində temperatur rejiminə əməl edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı müəyyən edilib. Yoxlama zamanı istehlaka yararsız 25 kq müxtəlif əmtəə nişanlı kolbasa məhsulları aşkarlanıb və satışı qadağan edilib. Həmçinin aşkarlanmış nöqsanlarla bağlı müəssisədə kolbasa və sosiska məhsullarının istehsalının dayandırılması barədə qərar qəbul edilib, müəssisənin rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
“AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır, – Agentlikdən bildirilib.
QİA.az