ACF-nin baş katibi yeni vəzifəyə təyin olunub

Apr21,2024

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib.

ACF-dən QİA.az-a bildirilib ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, qurumun prezidenti Rəşad Nəbiyev və digər rəsmilər iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Rəşad Nəbiyev açılış çıxışında federasiyanın əsas məqsədinin cüdonun hərtərəfli inkişafının və kütləviləşdirilməsinin olduğunu bildirərək, ötən müddət ərzində ölkədə cüdo idman növü ilə məşğul olanların sayının 50 faizdən çox artaraq 18 min nəfəri keçdiyini vurğulayıb. O, xüsusilə qız idmançılarının sayının artdığını qeyd edib.

Federasiya prezidenti bildirib ki, klublar və milli komandalar səviyyəsində idmançıların hazırlığının yüksək səviyyədə təmin edilməsi ilk növbədə ölkədə məşqçiliyin keyfiyyətinin artırılması ilə əlaqədardır. Bu baxımdan Beynəlxalq Cüdo Federasiyasının Akademiyası ilə qarşılıqlı əməkdaşlıq nəticəsində bu istiqamətdə görülən işlər mühüm əhəmiyyət daşıyır.

O, əldə edilən nailiyyətlərin və uğurların təməlində ölkə rəhbərliyinin idmana, o cümlədən cüdo idmanına verdiyi hərtərəfli dəstəyin dayandığını vurğulayıb.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Azərbaycan Cüdo Federasiyasının son illərdəki fəaliyyətini müsbət qiymətləndirərək xüsusilə yarışların beynəlxalq standartlara cavab verəcək formada təşkilini, cüdonun kütləviləşdirilməsi istiqamətində görülən işləri qeyd edib.

Sonra iclasın gündəliyinə uyğun olaraq ACF-in baş katibi Rəşad Rəsullu tərəfindən 2022-2023-cü illər üzrə fəaliyyət hesabatı təqdim edilib. Hesabat konfrans üzvləri tərəfindən təsdiqlənib.

ACF-in 2024-2028-ci illər üçün strategiyası iclas iştirakçılarına təqdim olunub və səsvermə ilə qəbul edilib. Bundan başqa, federasiyanın 5-ci redaksiyada Nizamnaməsi təsdiqlənib.

Bildirilib ki, Raqif Abbasov ACF İcraiyyə Komitəsindəki səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı müraciət edib. Onun yerinə İcraiyyə Komitəsi üzvlüyünə Rəşad Rəsullunun namizədliyi təklif olunub və qəbul edilib.

Rəşad Rəsullunun ACF-nin icraçı vitse-prezidenti seçilməsi təklif olunub və o, federasiya üzvləri tərəfindən bu vəzifəyə təsdiqlənib.

Daha sonra ACF-in Nəzarət-Təftiş Komitəsinin üzvlərinin və sədrinin seçilməsi üçün səsvermə keçirilib. Mövlud Mirəliyev, Ləman Kərimli və Orxan Əsədov Komitə üzvləri kimi təsdiq edilib və Mövlud Mirəliyev konfrans tərəfindən Komitənin sədri təyin olunub.

Oxşar Xəbərlər