AÇG-dən hasilat 10%-dən çox azalıb

AÇG-dən hasilat 10%-dən çox azalıb

Bu ilin üçüncü rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokundan sabit hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

“QİA.AZ” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə bu ilin üçüncü rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, üçüncü rüb üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (36 000), “Mərkəzi Azəri” (115 000), “Qərbi Azəri” (118 000), “Şərqi Azəri” (64 000), “Dərinsulu Günəşli” (97 000) və “Qərbi Çıraq” (52 000) platformalarından birlikdə – gündə orta hesabla 482 000 barel və ya ümumilikdə təxminən 132 mln barel, yəni 17,9 mln ton olub. Bu ilin üçüncü rübündə AÇG üzrə hasilat ötən ilin müvafiq dövründən 10,5 % az olub.

Rübün sonunda AÇG-də ümumilikdə 124 neft hasilat quyusu, 39 su injektor quyusu və qaz injektor quyusu istismarda olub.

Bu ilin üç rübü ərzində AÇG-də 10 neft hasilat və 2 suvurma quyusu qazılıb.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25,0 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Oxşar Xəbərlər