Cari ilin may ayının 29-da “Açıq Büdcə İndeksi – 2023” hesabatı Beynəlxalq Büdcə Tərəfdaşlığı təşkilatı tərəfindən dərc edilib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, sözügedən hesabatda Azərbaycanın mövqeyi 2021-ci ilin reytinq göstəricisi (57 bal) ilə müqayisədə 10 bal daha yuxarı olub.
Bununla da Azərbaycan büdcə barədə kifayət qədər məlumat dərc edən ən qabaqcıl ölkələr qrupuna daxil olub. Beləliklə, Azərbaycan müvafiq hesabatda 100 mümkün baldan 67 bal toplamaqla müstəqillik tarixi ərzində bu göstərici üzrə ən yüksək nəticə ilə qiymətləndirilib
Azərbaycanın reytinqi dünya üzrə orta göstəricidən (45 bal) 22 bal yuxarı olmaqla ümumi reytinqdə ən çox irəliləyən ölkələrdən biri olub. 61 bal və ya daha yuxarı bal toplayan ölkələr adekvat büdcə açıqlığına malik ölkələr qrupuna aid edilir. Beləliklə, Azərbaycan “Açıq Büdcə İndeksi-2023” hesabatında qiymətləndirmədə iştirak edən 125 ölkə arasında 21 pillə irəliləyərək 23-cü yerə yüksəlib və yetərli məlumat dərc edən ölkələr qrupuna daxil olub.
Açıq Büdcə Sorğusu büdcə prosesinə dair aşağıdakı 3 istiqamət üzrə nəticələri qiymətləndirir:
1. Büdcə məlumatlarının ictimaiyyətə əlçatanlığı (Open Budget Index);
2. Büdcə prosesində ictimai iştirakçılıq səviyyəsi (Public Participation);
3. Qanunverici hakimiyyət orqanı və ali audit orqanının rolu və fəaliyyəti (Budget Oversight).
Ümumilikdə, sorğu üzrə 145 sualdan 109-u (indikatoru) büdcə məlumatlarının ictimaiyyətə əlçatanlığını qiymətləndirir və bu istiqamət üzrə yekun nəticə “Açıq Büdcə İndeksi” adlanır. 109 sualdan 107-si Maliyyə Nazirliyi tərəfindən hazırlanan büdcə sənədlərini əhatə edir.
Eyni zamanda, sorğu üzrə sualların 18-i ictimaiyyətin büdcə prosesində iştirakını (Public Participation), 18-i isə qanunvericiliyin və ali audit orqanının (Budget Oversight) bu məsələdə rolunu qiymətləndirir.
“Açıq Büdcə Sorğusu-2023” hesabatında 7 sualla əhatə edilən büdcəyə nəzarət üzrə ali audit orqanı subindeksi üzrə Hesablama Palatasının fəaliyyəti 100 baldan 100 olmaqla, “adekvat” nəticə kimi yüksək qiymətləndirilib.
“Açıq Büdcə İndeksi-2023” hesabatının digər xüsusi önəmi ondan ibarətdir ki, 2021-ci ildən etibarən ardıcıl olaraq, Azərbaycanda büdcə ilə bağlı qiymətləndirilən səkkiz əsas büdcə sənədinin (İlkin büdcə bəyanatı, büdcə layihəsi, təsdiq edilmiş büdcə, vətəndaş büdcə bələdçisi, dövlət büdcəsinin icrasına dair aylıq hesabatlar, dövlət büdcəsinin icrasına dair yarımillik hesabat, dövlət büdcəsinin icrası üzrə illik hesabat, dövlət büdcəsinin icrasına dair audit hesabatı) hamısının ictimaiyyətə açıqlanması “Beynəlxalq Büdcə Tərəfdaşlığı” tərəfindən qeyd edilib. Bununla yanaşı, sözügedən sənədlər üzrə həm keyfiyyət, həm də məlumatlılıq səviyyəsinin artırılması üzrə irəliləyişlərə nail olunub.
Açıq Büdcə Sorğusu metodologiyası haqqında məlumat
Büdcə prosesinə dair diaqnostik qiymətləndirmə aləti hesab olunan Açıq Büdcə Sorğusu (Open Budget Survey) 2006-cı ildən başlayaraq Beynəlxalq Büdcə Tərəfdaşlığı (International Budget Partnership) təşkilatı tərəfindən hər iki ildən bir tərtib edilir və Azərbaycan ilk qiymətləndirmədən etibarən müvafiq sorğuda iştirak edir. Sorğuda hər bir sual 100 ballıq şkala ilə qiymətləndirilir. Müvafiq olaraq cavablar təsdiqləyici sənədlərə istinad verilməklə (sənədin linki yerləşdirməklə) əsaslandırılmalıdır.
Açıq Büdcə Sorğusu bir qayda olaraq akademik sfera, qeyri-hökumət təşkilatları və ya müstəqil iqtisadçı-ekspertlər qrupu tərəfindən ilkin qiymətləndirmə aparıldıqdan sonra Beynəlxalq Büdcə Tərəfdaşlığının (“International Budget Partnership”) komandasına təqdim edilir. Büdcənin tərtibinə məsul olan müvafiq icra hakimiyyəti orqanı tərəfindən sorğunun ilkin versiyasına baxılır (Government Review Process), daha sonra sorğu ilə bağlı rəylər təşkilata bildirilir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan üzrə sorğunun ilkin qiymətləndirmələrinə dair Maliyyə Nazirliyinin rəyləri 2023-cü ilin avqust ayında qarşı tərəfə bildirilib və müvafiq olaraq təşkilat tərəfindən nəzərə alınıb.
Açıq Büdcə Sorğusunun tələbləri dövlət maliyyə idarəedilməsi sahəsində bir sıra mühüm beynəlxalq standartlara əsaslanır və bunlar aşağıdakılardır:
– Dünya Bankının “Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı” (“World Bank”, PEFA),
– Beynəlxalq Valyuta Fondunun “Fiskal Şəffaflıq Məcəlləsi” (“International Monetary Fund Fiscal Transparency Code”),
– İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Fiskal şəffaflıq üzrə Ən Yaxşı Təcrübələr” sənədi (“OECD – Best Practices for Fiscal Transparency”)
– “Fiskal Şəffaflıq üzrə Qlobal Təşəbbüs” təşkilatının prinsipləri – Büdcə siyasətində ictimai iştirakın təmin edilməsi. (“Global Initiative for Fiscal Transparency’s Principles of Public Participation in Fiscal Policies”)
– INTOSAI-ın ISSAI 1 standartı — “Lima Bəyannaməsi”, (“International Organisation of Supreme Audit Institutions’ Lima Declaration of Guidelines on Auditing Precepts”)