Mayın 2-də ADA Universitetində Karyera Hazırlığı Həftəsinin bağlanış mərasimi keçirilib.
QİA.az xəbər verir ki, ABB-nin tərəfdaşlığı və ADA Universiteti Fondunun dəstəyilə keçirilən Karyera Hazırlığı Həftəsinin məqsədi tələbələri ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etmək olub.
Karyera Hazırlığı Həftəsində iştirak edəcək tələbələri müəyyənləşdirmək üçün ADA Universitetinin Karyera xidmətləri şöbəsinin təşəbbüsü ilə 500-dən çox müsahibədən ibarət seçim mərhələsi həyata keçirilib. Tələbələr akademik göstəriciləri və müsahibə nəticələrinə əsasən sənaye ekspertləri tərəfindən təşkil olunacaq təlim və seminarlarda iştirak imkanı əldə ediblər. Bu təlim və seminarlar maliyyə, bankçılıq, informasiya və telekommunikasiya, audit, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 20 yerli və xarici müəssisənin, şirkət və qurumun yüksək ixtisaslı peşəkarları tərəfindən əmək bazarının tələbləri və karyera yüksəlişi strategiyaları mövzularında keçirilib.