Oktyabrın 14-də ADA Universitetində Milan Politexnik Universitetinin nümayəndə heyətinin səfəri çərçivəsində “ADA Universiteti Dizayn və memarlıq fakültəsinin ilk ilinin nəticələri” mövzusunda konfrans keçirilib.
QİA xəbər verir ki, konfrans, eyni zamanda, Milan Politexnik Universitetinin dəstəyi ilə təşkil olunmuş “ADA Universitetinin yeni Şəki kampusunun dizaynı” üzrə sertifikatlaşdırılmış praktiki təlim proqramının yekun mərasiminə təsadüf edib.
Tədbirdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, İtaliya-Azərbaycan Universiteti iki ölkə arasında genişlənən əlaqələrə təhsil vasitəsilə verilən töhfədir. İtaliya universitetləri ilə yanaşı, yerli özəl qurumların da bu layihəyə göstərdiyi dəstək özlüyündə təhsil layihələri üzrə əməkdaşlığa nümunədir və ölkəmizin yerli kadr hazırlığı işinə müsbət mənada təsir göstərir.
İtaliya-Azərbaycan Universiteti üzrə işçi qrupun rəhbəri Qalib Məmməd çıxışında qeyd edib ki, ADA Universiteti tərəfindən həyata keçirilən layihələrin, təqdim edilən proqramların və ixtisasların hər biri milli quruculuğa töhfədir; fikri, əməli, düşüncə tərzi ilə ölkəmizi gələcəyə aparacaq nəslin yetişdirilməsinə dəstəkdir.
Milan Politexnik Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru İlaria Valenten İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində davam edən əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, təqdim edilən proqramlar vasitəsilə müasir düşüncəyə, praktiki bacarığa malik azərbaycanlı memarların yetişdirildiyini vurğulayıb.
Tədbir sözügedən universitetin memarlıq, dizayn və şəhərsalma departamentlərinin direktorlarının çıxışı ilə davam edib. Çıxışçılar yeni nəsil memarların, dizaynerlərin və şəhərsalma mütəxəssislərinin yetişdirilməsinin vacibliyinə toxunublar.
Qeyd edilib ki, İtaliya-Azərbaycan Universiteti çərçivəsində irəli sürülən təşəbbüslər dövlət-özəl-universitet arasındakı əməkdaşlığın uğurlu nümunəsidir.
Konfransda ADA Universitetinin Dizayn və memarlıq fakültəsinin dekanı Silvia Deborah Ferraris çıxış edib. O, fakültənin fəaliyyət göstərdiyi bir il ərzində əldə etdiyi nəticələrdən danışıb.
Sonra Şəki qoruğunun baş memarı Seyran Məmmədov Şəkinin memarlıq irsi barədə çıxış edib, bu qədim şəhərdə dövlət tərəfindən mühafizə edilən tarixi yaşayış evlərinin üstünlük təşkil etdiyini vurğulayıb, ADA Universitetinin bu yaşayış abidələrinin bərpasına akademik dəstəyini müsbət qiymətləndirib.
Tədbirin sonunda tarixi və memarlıq binalarının yeni təyinat üzrə bərpası və urbanistik kontekstdə canlandırılması ilə bağlı nümunələr əsasında hazırlanmış dörd layihənin təqdimatı keçirilib. Layihələri qiymətləndirən münsiflər heyəti qalib komandanı elan edib, onlara sertifikat və mükafatlarını təqdim edib.
Qeyd edək ki, özəl və dövlət sektorlarından 14 gənc memarın cəlb olunduğu layihə Şəki, Milan və Bakıda olmaqla 3 mərhələli modullar formatında təşkil edilib.
Layihədə iştirak edən komandalar tərəfindən 6 ay boyunca müxtəlif təhlil və sorğular aparılıb, rəsmlər, eskizlər, 3D vizuallar vasitəsilə ilkin modellər hazırlanıb.
Dizayn və memarlıq fakültəsinə bu il 80 tələbə qəbul olub. Onlar arxitektura və interyer dizayn üzrə təhsil alırlar.
Yaxın gələcəkdə isə iki yeni ixtisas təqdim ediləcək.