Adil Əliyev: Şəhid və qazi övladları daim diqqət mərkəzindədirlər

Milli Məclisin Gənclər və İdman Komitəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq görüş keçirilib. Görüşdə şəhid ailəsinin övladları, habelə şəhid ailələri və qazilərlə işləyən media nümayəndələri iştirak ediblər.
Parlamentin Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “QİA.az”a bildirilib ki, Milli Məclis sədrinin müavini Adil Əliyev görüşü açaraq uşaqların layiqli vətəndaş kimi formalaşmasının onların valideynləri ilə yanaşı, hər bir vətəndaşın vəzifəsi olduğunu bildirib. İlk dəfə 1950-ci ildən qeyd olunmağa başlayan Uşaqların Beynəlxalq Müdafiəsi Günü sonradan ölkəmizdə də təşkil edilib. Azərbaycanda uşaq hüquqlarının qorunmasının, uşaqların rifahının hər zaman prioritet istiqamətlərdən biri olduğunu bildirən sədr müavini Prezident İlham Əliyevin Sərəncamına əsasən 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan edildiyini diqqətə çatdırıb, habelə uşaqların qayğılarının həllinin hər zaman dövlətimizin başçısının diqqət mərkəzində olduğunu bildirib.
Ümummilli lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” şüarını rəhbər tutaraq uşaqların yetişməsinə hər zaman xüsusi diqqət ayrılmasını, onların təhsil almalarına köməyin göstərilməsini və inkişaflarının dövlət tərəfindən xüsusi dəstəkləndiyini vurğulayan A.Əliyev xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb edilmələrinin hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib.
Milli Məclis sədrinin müavini, eyni zamanda, hər bir uşaq kimi, şəhid və qazi ailələrinin övladlarının da dövlətin xüsusi nəzarətində olduğunu, onların qayğılarının və çətinliklərinin dərhal həlli istiqamətində bütün zəruri addımların atıldığını qeyd edib. Habelə şəhidlərimizin bizə əmanəti olan övladlarının qorunması, yetişdirilməsi və təhsil almalarına köməyin göstərilməsinin hər birimizin vəzifəsi olduğunu diqqətə çatdırıb. Şəhid ailələrinin qayğılarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu bildirən A.Əliyev bu ailələrin övladlarına dəstək göstərməyin hər kəsin vətəndaşlıq borcu olduğunu vurğulayıb.
Görüş iştirakçıları səmimi qəbula görə minnətdarlıqlarını bildirib, 10 yaşlı Zəhra İmanlı vətənpərvər şeirləri ilə çıxış edib. Eyni zamanda, media nümayəndələri hər zaman şəhid və qazi ailələrinin övladlarının qayğılarının diqqət mərkəzində saxlanması istiqamətində atılacaq addımları bundan sonrada davam etdirəcəklərini bildiriblər.
Sonda iştirakçılara Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı və hədiyyələr təqdim edilib.

Oxşar Xəbərlər