Ağdamda Azərbaycan və Rusiya minaaxtaranlarının birgə təlimi başlayıb

Yan5,2021

Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin əməkdaşları Ağdamda birgə hazırlıq kurslarına başlayıb.

“QİA.AZ”ın məlumatına görə, təlim 45 gün davam edəcək

Təlim iştirakçıları minadan təmizlənəcək ərazinin relyefini mənimsəmək, minatəmizləyən robot və digər texniki avadanlıqların iş prinspi ilə tanış olacaqlar. Eyni zamanda rusiyalı minaaxtaranlar ərazilərin minalardan təmizlənməsi üçün istifadə olunan qurğuların və texniki avadanlıqların üstünlükləri barədə məlumatlandırılacaqlar.

Rusiyanın “Lider” xüsusi riskli xilasetmə əməliyyatları mərkəzinin rəisi, general-mayor Anatoliy Savvin bildirib ki, bu gün Rusiya Fövqəladə Hallar Nazirliyinin mina və partlamamış hərbi sürsatlardan təmizlənməsi üzrə xüsusi qrupu imzalanmış üçtərəfli sazişə əsasən, Azərbaycan tərəfinə təhvil verilmiş ərazilərə gəliblər.

Onun sözlərinə görə, missiyanın məqsədi döyüş zamanı bu ərazilərdə partlamamış hərbi sürsatların təmizlənməsini həyata keçirməkdir: “Bu qrupun şəxsi heyəti 20 nəfərdən ibarətdir. Qrup ərazilərin minalardan təmizlənməsi üçün bütün texniki avadanlıqlarla təchiz edilib”.

A.Savvin qeyd edib ki, minatəmizləmə qrupu üç ay müddətinə Azərbaycana gəliblər. “Əgər ehtiyac yaranarsa və bununla bağlı hər hansı qərar qəbul olunarsa, müddət uzadıla bilər”.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi məqsədilə rusiyalı pirotexniklər qrupu 2021-ci il yanvarın 4-də ölkəmizə gəlib. Tərkibinə 20 nəfər peşəkar mütəxəssisin daxil olduğu qrup ən müasir texnika və avadanlıqlarla təchiz edilib. Həmçinin qrupun sərəncamında bir xüsusi təlim görmüş minaaxtaran it də var.

Oxşar Xəbərlər