Ağdamda dağıntılardan başqa heç nə qalmayıb – “Əl-Cəzirə”

“Əl-Cəzirə” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonundan reportaj yayımlayıb.

QİA.AZ xəbər verir ki, reportajda Azərbaycan Ordusunun 30 ilə yaxın müddətdə Ermənistanın nəzarətində qalmış Ağdam rayonuna daxil olduğu bildirilir. Qeyd edilir ki, əldə edilmiş razılaşmaya əsasən Ermənistan Ağdamı Azərbaycana geri qaytarıb.

Telekanalın Ağdama ezam olunmuş müxbiri rayonun dağıntılar altında qaldığını bildirir. O deyir: “Ağdamda dağıntılardan başqa heç nə yoxdur. Hətta şəhərin mərkəzi belə vandalizmə məruz qaldıqdan sonra tərk edilib. Buranın yerli əhalisi artıq geri qayıtmaq istəyir”.

Reportajda ərazinin minalandığı, yalnız bir neçə saat ərzində buradan 150-yə yaxın mina tapıldığı diqqətə çatdırılır.

Vurğulanır ki, Ağdamın bir zamanlar məşhur olan Mədəniyyət Mərkəzi də tamamilə dağıdılıb.

Reportajda Azərbaycan rəsmilərinə istinadla ölkənin uğurları müharibə yolu ilə əldə etdiyi bildirilir. Bununla yanaşı, o da qeyd edilir ki, Ağdam tək bir silah işlətmədən, itki vermədən geri qaytarıldı. Dörd gün sonra ermənilər Kəlbəcər, ayın sonunda isə Laçın rayonlarından çıxmalıdırlar.

Oxşar Xəbərlər