Ağdaşda “Şəhidlər ölməz” adlı rəsm sərgisi açılıb – FOTO

Ağdaş rayonu Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin Ağdaş Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə yerli rəssam Məlahət İsmayılın “Şəhidlər ölməz” adlı fərdi sərgisi açılıb.

“QİA.az”-ın xəbərinə görə, sərgilənən əsərlər Vətən müharibəsində mərdliklə döyüşüb şəhidlik zirvəsinə ucalmış ağdaşlı igidlərin portretlərindən ibarətdir. Rəssam Məlahət İsmayıl ayrı-ayrılıqda hər bir şəhidin portretini çəkib, hər şəhidin portretinə individual yanaşıb. Otuz altı portretdən ibarət sərgidə Qarabağ savaşıyla, qəhrəman əsgərlərimizlə bağlı daha bir neçə əsər nümayiş olunub. Ümumilikdə sərgidə 50-dən çox əsər sərgilənir.

Rəssam Məlahət İsmayıl şəhid ailələrinin üzvləri ilə görüşərək onlara başsağlığı verib, çəkdiyi portretləri şəhid ailələrinə hədiyyə edib.

Rayonun gənc rəssamları sərgi zamanı elə yerindəcə müharibə mövzusunda sərbəst rəsmlər çəkiblər. Musiqi məktəbinin şagirdləri Azərbaycan bəstəkarlarının lirik əsərlərini canlı olaraq ifa ediblər.

Sərgi zamanı rayonun müxtəlif məktəblərinin şagirdlərinin ifasında yerli və müxtəlif şairlərin şəhidlərə, Vətənə dair ədəbi-bədii kompozisiyalar da göstərilib.

Qeyd edək ki, sərgidə ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, gənclərlə bərabər məktəblilər də iştirak edib.

Sərgi 10 gün ərzində açıq olacaq, giriş sərbəstdir.

Oxşar Xəbərlər