Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının həyata keçirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi Samux rayonunun Sərkar kəndində günəbaxan bitkisinin əsas xəstəlik və zərərvericiləri, onlarla mübarizə və bu istiqamətdə aqrar məsləhət xidmətinin prioritet istiqamətləri barədə yerli fermerlər üçün müzakirə təşkil edib.
QİA.AZ xəbər verir ki, müzakirədə Layihənin Gəncə ofisinin ekspert və əməkdaşları ilə yanaşı Azərbaycan Dövlət Aqrar Universitetinin və Samux Bitki Mühafizə Mərkəzinin əməkdaşları da iştirak edib. Əkin sahələrinin müşahidəsi və fermerlərin mövcud bilikləri barədə əldə edilən məlumatlar bu sahədə məsləhət xidmətlərinə ciddi ehtiyac olduğunu göstərib. Müzəkirələrdə innovativ nümayiş sahəsinin yaradılması və bu sahədə tətbiq edilən effektiv praktika və nailiyyətlərin fermerlərin öz əkinlərində də tətbiq etmələrinin vacib olduğu vurğulanıb.
Qeyd edək ki, “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi Azərbaycanda kənd təsərrüfatında məsləhət xidmətlərinin verilməsi üzrə yeni model və ölkə üçün 5 illik strategiya üzərində işləyir. Layihə hazırladığı strategiya və modeli 2 pilot regionda – Gəncə-Qazax və Quba-Xaçmazda sınaqdan keçirilicək. Hər iki regionun iqtisadiyyat və iqtisadi məşğulluğunda əhəmiyyətli yer tutan məhsullar üzrə aqrar məsləhət xidmətlərinin platformasının yaradılması üzərində iş gedir. Gəncə-Qazax regionunda pilot icmalar kimi Samuxun Sərkar, Şəmkirin Əliyaqublu, Ağstafanın Böyük Kəsik kəndləri seçilib. Hazırda bu icmalarda günəbaxan, istixana pomidoru və sorqo bitkiləri becərən fermerlərə aqrar məsləhət xidmətlərinin göstərilməsi üçün nümunəvi platforma qurulması üzərində işlər davam etdirilir..