İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) vitse-prezidenti Lyudqer Şuknextlə görüşüb.
QİA.az xəbər verir ki, bu barədə Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizin banka üzv olduğu 2016-cı ildən səmərəli əməkdaşlığın davam etdiyi vurğulanıb, bankın üzv ölkələrin infrastruktur baxımdan inkişafına verdiyi dəstək qeyd olunub. Eyni zamanda, dayanıqlı inkişafın təmin olunması, o cümlədən yaşıl iqtisadiyyata keçid, yaşıl enerjinin təşviqi, həmçinin COP29-a hazırlıq çərçivəsində ölkəmizdə görülən işlər diqqətə çatdırılıb, COP29 çərçivəsində birgə iş və tərəfdaşlıq imkanları müzakirə edilib. Bankla əməkdaşlıq çərçivəsində prioritet layihələr barədə məlumat verilib.
Lyudqer Şuknext Bankın Azərbaycanla uğurlu tərəfdaşlıq etdiyini bildirib. O, AİİB-in Asiya regionunda iqtisadi artımın stimullaşdırılması, iqlim siyasətinə əsaslanan maliyyələşdirmə aləti, az inkişaf etmiş üzvlər üçün nəzərdə tutulan xüsusi fond pəncərəsi barədə məlumat verib, bankın işbirliyi çərçivəsində maraq göstərdiyi yeni istiqamətlər barədə fikirlərini bölüşüb.
Tərəflər ikitərəfli əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərini nəzərdən keçiriblər. AİİB tərəfindən son dövrlərdə həyata keçirilən strategiyalar və nəzərdə tutulan tədbirlər, Azərbaycanda bankın fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.