Bu günlərdə xalqımız möhtəşəm tarixin sevincini yaşayır. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu işğalda olan dədə-baba torpaqlarımızın azad olunması istiqamətində şanlı qələbələr qazanır. Budur, artıq doğulduğum Qubadlı şəhəri də işğaldan azad edildi. İki gün öncə – oktyabrın 25-də, məhz anadan olduğum tarixdə doğma şəhərimin düşmən tapdağından xilas edilməsi ilə mərd Ali Baş Komandanım və Şanlı Ordumuz mənə kainatın ən böyük hədiyyəsini verdi.
“QİA.AZ” xəbər verir ki, bunu doğulduğu torpağının işğaldan azad olunan Qubadlı şəhər sakini Elməddin Quliyev yazır.
Hazırda Dövlət Statistika Komitəsinin mətbuat katibi kimi çalışan Elməddin Quliyev qeyd edir ki, bütün tanıdıqları sevincini bölüşmək üçün onu təbrik edir:
“Hamı məni təbrik edir, gözaydınlığı verir. Əslində, yaşadığım bu qürurverci anları sözlə ifadə etməyə çətinlik çəkirəm. Çünki ata-babamın yaşadığı, ulularımın uyuduğu torpaqda mən elə 9 yaşımda qalmışam. Doğma Qubadlımı kiçik yaşlarımda məcburən tərk edəndə uşaqlıq və gənclik arzularım, xəyallarım elə bil o müqəddəs torpaqda qaldı… İnanın ki, bu günə kimi heç vaxt doğum günümdə bu qədər sevinməmişdim.
Mən bu münasibətlə öz həmvətənlərimə səslənərək deyirəm ki, gözünüz aydın, ay qubadlılılar, artıq məcburi köçkün damğasından da qurtulduq. İnşallah, tezliklə Qubadlıda görüşmək ümidilə…