Ali məktəblərin boş qalan plan yerlərinə 528 nəfər, tam orta təhsil bazasında kolleclərə 12 min 186 nəfər qəbul olub

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbulun nəticələri elan olunub.

QİA.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 20827 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 528 nəfər (o cümlədən 114 nəfər subbakalavr), tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 12186 nəfər qəbul olub.

Tam orta təhsil bazasında kolleclərə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.38 faiz dolub. Cəmi 201 yer (1.62%) boş qalıb.

Sentyabrın 4-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 8-ci sayında, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 9-cu sayında elektron formatda (pdf) təqdim olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 9–16 sentyabr (saat 18:00-dək), orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 9–17 sentyabrda (saat 18:00-dək) portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcəkdir.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.

Oxşar Xəbərlər