“Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı hazırlanıb.
“QİA.az” xəbər verir ki, bu barədə parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bu gün keçirilən iclasda məlumat verib.
O qeyd edib ki, ilk dəfə hazırlanan bu qanun layihəsi Prezident İlham Əliyevin təsdiq etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda irəli sürülən hədəflər nəzərə alınmaqla ali təhsilin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin etməyə hədəflənib. Sənəd ölkəmizdə ali təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ali təhsilin təşkilatı-hüquqi və iqtisadi əsaslarını, təhsilalanların və təhsilverənlərin hüquq və vəzifələrini, ali təhsil sahəsində sahibkarlıq, innovasiya fəaliyyətini və digər məsələlərin əsas müddəalarını, eyni zamanda ali təhsil sahəsində beynəlxalq əməkdaşlıqla bağlı məqamları, qaydaları müəyyənləşdirəcək.
Komitə sədri yeni qanun layihəsinin ali təhsillə bağlı bir çox məsələlərə aydınlıq gətirdiyini, sənəddə dünya təhsil sistemindəki yeniliklərin və qabaqcıl təcrübənin Azərbaycan təhsilinin ənənələri və özünəməxsusluğu nəzərə alınmaqla əks olunduğunu bildirib: “Ölkənin rəqabət qabiliyyətli və dayanıqlı inkişafının təmini, yüksəkixtisaslı kadr hazırlığının əmək bazarının tələbinə və beynəlxalq ixtisas təsnifatına uyğunlaşdırılması, Azərbaycanda elmi, iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması, tədqiqat universitetlərinin yaradılması məsələləri yeni qanun layihəsində nəzərə alınıb. Bundan başqa, distant təhsil, təhsil kreditləri kimi cəmiyyəti narahat edən məsələlərə də sənəddə geniş yer verilib”.
QİA.az