Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda ali təhsil sisteminin iqtisadi səmərəliliyinin yüksəldilməsində rəqəmsal texnologiyaların tətbiqi məsələləri araşdırılıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə elmi seminarda institutun şöbə müdiri Əlövsət Əliyev məlumat verib. Ə.Əliyev ali təhsil sisteminə iqtisadi yanaşmanın elmi-nəzəri əsasları, təhsil sisteminin fəaliyyətinin iqtisadi səmərəliliyinə təsir edən amillər barədə danışıb, ölkəmizin ali təhsil sisteminin iqtisadi xüsusiyyətləri və problemlərindən bəhs edib. Həmçinin ali təhsilin iqtisadi səmərəliliyi üzrə beynəlxalq təcrübəni təhlil edib və Azərbaycan üçün nümunələri diqqətə çatdırıb. O, ali təhsil sisteminin iqtisadi səmərəliliyinin çoxmeyarlılıq əsasında qiymətləndirilməsində yeni elmi-metodoloji yanaşmanın vacibliyini də bildirib.