Arxeoloqlar bəyan edirlər ki, Almaniyanın cənubunda aşkarladıqları kütləvi məzarlıq Avropada tapılan ən iri məzarlıq ola bilər.
QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, Nürnberq şəhərinin mərkəzindəki kütləvi məzarlıqda taun xəstəliyi qurbanlarına aid olan 1000-dən çox sümük aşkarlanıb. Ekspertlərin fikrincə, bu sümüklər, ümumilikdə, 1500-dən çox insana məxsus ola bilər.
İnsan qalıqları şəhərdə yeni yaşayış evlərinin tikintisindən əvvəl aparılan arxeoloji qazıntılar zamanı tapılıb.
Nürnberq İrsin Qorunması Departamentinin nümayəndəsi Melani Lanqbeynin sözlərinə görə, aşkarlanan 8 dərənin hər birində yüzlərlə insan sümüyü var. “Bu insanlar adi qəbiristanlıqda dəfn olunmayıblar. Xristianların dəfn mərasimlərindən asılı olmayaraq, böyük sayda meyitləri qısa müddət ərzində basdırmaq lazım idi. Ehtimal ki, məhz kütləvi məzarlıqların səbəbi taundur”, – deyə Lanqbeyn bildirib.
XIV əsrdən başlayaraq Nürnberqdə təxminən hər on ildən bir taun yayılırdı, bu da insan qalıqlarının tarixini müəyyən etməyi çətinləşdirir. Lanqbeynin sözlərinə görə, 1634-cü ilin qeydləri də aşkarlanıb. Qeydlərdə 1632-1633-cü illərdə 15 mindən çox insanın həyatına son qoyan taun xəstəliyinin yayılması ətraflı təsvir olunur. Həmçinin 2 minədək insanın Müqəddəs Sebastyan xəstəxanasının yanında, indiki qazıntıların yerində basdırıldığı deyilir.
Arxeoloqlar qalıqların sayının 2 mini keçəcəyini və bununla da qəbiristanlığın Avropanın ən iri məzarlığı olacağını düşünürlər.