Almaniyada Azərbaycandan olan sığınacaq axtaranların da yaşadığı qaçqın yataqxanasında 32 nəfərdə COVID-19 aşkarlanıb.
“QİA.AZ”ın Hamburq şəhər Polis Təşkilatından əldə etdiyi məlumata görə, Harburq qəsəbəsində yerləşən qaçqın yataqxanasında onlarla insanın koronavirusla bağlı verdiyi testin nəticələri pozitiv çıxıb. Polis, qəsəbə səhiyyə təşkilatı və yanğınsöndürən briqadaları əraziyə gələrək, 25 nəfəri yaxınlıqdakı Rahlştend qəsəbəsindəki idman zalına köçürüblər.
Yataqxana rəhbərliyindən bildirilib ki, ümumilikdə 189 nəfər koronavirus testi verib.
“Pandemiyanın ilk günündən yataqxanada sərt karantin rejimi tətbiq olunur. Ancaq görünür bu yetərli olmayıb. Virusu yataqxanada məktəblilərin yaymasından şübhələnirik”, – deyə yataqxana rəhbərliyinin açıqlamasında qeyd edilir.
Məlumat üçün bildirək ki, Harburq qəsəbəsində yerləşən qaçqın yataqxanasında Afrika ölkələri, İran, İraq, Suriya, Əfqanıstan, Pakistan, Azərbaycan, Gürcüstan və Rusiyadan gələn sığınacaq axtaranlar yaşayırlar. Ötən ayın məlumatına görə, yataqxanada 7 Azərbaycan vətəndaşı yaşayıb. Onlardan 3-ü dekabrın əvvəlində Azərbaycana deportasiya edilib.