Almaniyada şantaj yolu ilə Şumaxer ailəsindən 15 milyon avro tələb edən şəxslərin məhkəməsi başlayıb

Qərbi Almaniyanın Vuppertal prokurorluğunda məşhur Formula 1 pilotu Mixael Şumaxerin ailəsini şantaj etməkdə təqsirli bilinən üç nəfərin məhkəməsi başlayıb.

Qia.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, onlardan biri hədə-qorxu ilə külli miqdarda pul tələb etməkdə, digər ikisi isə ona köməklik göstərməkdə ittiham olunur. Məhkəmənin ilk gününə 2-si polis olmaqla 10 şahid dəvət edilib. Məhkəmə hökmünün yeni ildən tez çıxarılması gözlənilmir.

Qeyd edək ki, sentyabrın 25-də Vuppertal prokurorluğu Şumaxer ailəsini şantaj etmək cəhdi ilə bağlı üç müttəhimə qarşı ittiham irəli sürüb. Söhbət Şumaxer ailəsinin keçmiş mühafizəçisi və onun oğlu ilə şərikindən gedir. İstintaqın məlumatına görə, keçmiş mühafizəçi şantaj üçün materiallar toplayıb, daha sonra həmin materialları şərikinə təhvil verib. Sonuncu oğlu ilə birlikdə Şumaxer ailəsini şantaj etməyə çalışaraq bunun müqabilində 15 milyon avro tələb edib. Əks halda, Şumaxer ailəsi haqqında məlumatı yaymaqla hədələyiblər.

“Bild” qəzetinin yazdığına görə, mühafizəçi beş ildən artıq idmançının ailəsində çalışıb və bu müddət ərzində 1500-dən çox şəxsi foto, video, həmçinin tibbi qeydlər və dərman reseptləri toplamağa nail olub. Nəşr keçmiş mühafizəçinin borclarına görə cinayət törətdiyini qeyd edib. Həbs zamanı külli miqdarda sübutlar, o cümlədən sərt disklər, USB disklər və mobil telefonlar müsadirə edilib.

Xatırladaq ki, “Formula 1” üzrə yeddiqat dünya çempionu olan Şumaxer 2013-cü ildə, peşəkar karyerasını başa vurduqdan sonra Fransanın Alp dağları hissəsində xizək sürən zaman ağır travmalı beyin zədəsi alıb.

Oxşar Xəbərlər