AMB-nin vəzifəli şəxsləri Sabirabadda vətəndaşlarla görüşüb

Maliyyə xidmətləri sahəsində vətəndaşların hüquqlarının qorunması, habelə onlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində Azərbaycan Mərkəzi Bankı (AMB) görülən mütəmadi tədbirlərin davamı olaraq Sabirabad rayonunda vətəndaşların səyyar qəbulunu həyata keçirib.

QİA.az xəbər verir ki, bu barədə AMB-dən AZƏRTAC-a bildirilib ki, vətəndaşların müraciətləri əsasən həyat sığortası, kreditin istənilməsi, kredit borcuna güzəşt olunması, qalıq kredit borc barədə məlumatın öyrənilməsi və Mərkəzləşdirilmiş Kredit Reyestrində gecikmə günlərinin silinməsi ilə bağlı olub.

Görüş zamanı vətəndaşların müraciətləri dinlənilərək müvafiq izahatlar verilib, bəzi məsələlər yerindəcə öz həllini tapıb. Əlavə araşdırma tələb olunan məsələlərlə bağlı vətəndaşlara ərizə tərtib etmələri üçün dəstək göstərilib.

Qeyd edək ki, maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi məqsədilə səyyar qəbulların keçirilməsi davam etdiriləcək.

Oxşar Xəbərlər