Amerikada Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edilib

Amerika Sefardlar Federasiyasının (ASF) və Amerika Müsəlmanları Liderləri İttifaqının (AMLİ) birgə təşəbbüsü və təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş “Xatırlamaq və danışmaq: Xocalı qırğınını yad etmək, soyqırımı və etnik təmizləməyə qarşı mübarizə aparmaq”  mövzusunda videokonfrans keçirilib.

Azərbayan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirin moderatoru AMLİ-nin icraçı direktoru Zeyneb Zeb Xan bu dəhşətli qətliam haqqında ətraflı məlumat verib, baş verənlərə laqeyd olmadıqlarını vurğulayıb.

ASF-nın icraçı direktoru Ceyson Quberman Azərbaycanda yaşayan yəhudilərin də Xocalı faciəsini yad etdiklərini bildirib, rəhbərlik etdiyi qurumun son iki ildə Xocalı faciəsi ilə əlaqədar təşkil etdiyi tədbirlərin video məcmuəsini təqdim edib. 44 günlük müharibə nəticəsində Qarabağın işğaldan azad edildiyini xatıladan natiq məcburi köçkünlərin öz evlərinə qayıdacaqlarını bayram kimi qeyd edəcəklərini və Xocalı şəhərində həyatın yenidən dirçələcəyini bldirib.

Tədbir azərbaycanlı pianoçu Abuzər Manafzadənin “Xocalıya” əsərinin səsləndirilməsilə davam edib. Sonra “Arts Council” layihəsinin direktoru, rəssam Dadaş Məmmədov, tanınmış pianoçu, Əməkdar artist, professor Nərgiz Əliyarova, Azərbaycan Diaspor Gəncləri şəbəkəsinin üzvü, Vaşinqton Universitetinin doktorantı Çilənay Səfərli çıxış ediblər.

Dadaş Məmmədov özünün və mərhum atası, tanınmış rəssam Nazim Məmmədovun Xocalı mövzusuna həsr etdikləri rəsm əsərlərindən danışıb. Bu dəhşəti insanlara incəsənət vasitəsilə çatdırmağa çalışdıqlarını vurğulayıb. Hazırda dövlət qurumlarının vasitəsilə xarici ölkələrdə sərgilərinin təşkil olunduğunu qeyd edib. Tədbirdə Dadaş və Nazim Məmmədovların Xocalı soyqırımına həsr etdikləri rəsm əsərləri nümayiş olunub.

Pianoda “Vətən haqqında ballada” əsərini ifa edən Nərgiz Əliyarova bütün dünyanın Xocalı soyqırımından məlumatlı olmasının, insanlığa sığmayan bu cür cinayətin gələcəkdə baş verməməsi üçün preventiv addımların atılmasının vacibliyini vurğulayıb. XX əsrdə erməni cəlladlarının dəfələrlə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı cinayətləri törətdiyini xatırladan professor qeyd edib ki, bu zaman onlar ölkəmizdə yaşayan milli azlıqlara da rəhm etməyiblər, 1918-ci ilin mart soyqırımı zamanı 12 min azərbaycanlı ilə yanaşı yəhudiləri də qətlə yetiriblər. Ermənistanın monoetnik dövlətə çevrildiyi, Azərbaycanın isə multikultural dəyərlərə sadiq qaldığı, xalqımızın müxtəlif icmalarla sülh və barış içində yaşadığı diqqətə çatdırılıb.

Çilənay Səfərli ölkəmizin tarixində 29 il öncə baş vermiş soyqırımı qurbanlarını yad etdikləri üçün tədbir təşkilatçılarına minnətdarlığını bildirib. Tədbir Əmirliklərin Yəhudi Məclisinin baş ravvini Hakham Rabblor Abadienin Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxuması ilə yekunlaşıb.

Oxşar Xəbərlər