“Paris-2024” Yay Olimpiya Oyunlarının əks-sədası davam edir. Üç qızıl və bir gümüş medal qazandığı Parisdən ayrıldıqdan bir həftə sonra amerikalı gimnast Simona Baylz olimpiada müddətində yaxşı və pis günləri xatırlayıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, 5,3 milyon insanın izlədiyi “Tiktok” hesabında yayımlanan videoda olimpiya çempionu olimpiadanın bitməsini qeyd etmək üçün Paris klubuna getməsindən danışıb.
“Bağlanış mərasimindən sonra axşam çölə çıxdıq. Baxın, bu klub məndən bir şüşə şampan üçün 26 min dollar almağa çalışdı. Xəstəsiniz? Açığı, mən almamışam, amma niyə məni belə aldatmağa çalışırsınız? Bu, dəlilikdir!”, – deyə S. Baylz səhifəsində paylaşıb. Amerikalı gimnastın bu mesajına artıq 2,3 milyon dəfədən çox baxılıb və 219000 dəfə bəyənilib, onun paylaşımı internet istifadəçilərinin marağına səbəb olub.
Simona Baylz sosial şəbəkələrdə öz təcrübələrini və gündəlik həyatını paylaşması ilə tanınır. O, final zamanı gimnastika zalındakı ab-havanı xüsusilə pisləmişdi. İdmançı “Paris-2024” Olimpiya kəndində yeməyi tənqid etmiş və ABŞ-da qidanın daha sağlam olduğunu bildirmişdi. Sonra o, supermarketlərdəki fransız kişmişli çörəyini (pains au chocolat) xoşladığını yazmışdı.