İyulun 18-də Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) təsis edilməsinin 26-çı ildönümü tamam olur.
QİA.az ANAMA-nın yaranma tarixinə və keçdiyi yola qısaca nəzər salır.
Agentlik 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə təsis edilib. Prezident İlham Əliyevin 2021-ci il 15 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin bazasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb. ANAMA ölkə daxilində həyata keçirilən minatəmizləmə ilə bağlı olan bütün fəaliyyəti əlaqələndirmək, prosesə nəzarət etməklə bərabər, həm də səlahiyyətli orqan olaraq, hökumətin bu sahə üzrə əsas icraçı qurumudur.
Hazırda ANAMA-nın başlıca məqsədi işğaldan azad edilən və müharibənin təsirinə məruz qalan ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizləmək, həmin ərazilərdə iqtisadi və humanitar inkişafa dəstək göstərməkdir.
2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şücaəti sayəsində Qarabağın 30 illik işğalına son qoyuldu. Bununla da, Agentliyin qarşısında yeni vəzifə və öhdəliklər yer aldı. Qurumun texniki imkanları, insan resursları, eləcə də əməliyyat metodları inkişaf etdirildi. Minatəmizləmə sahəsində bir sıra yeniliklərə imza atıldı. Ən maraqlı yeniliklərdən biri də qadınların minatəmizləmə fəaliyyətinə cəlb edilməsidir.
İşini fədakarcasına və qürurla görən ANAMA “Böyük Qayıdış” yolunda əlindən gələni əsirgəmir. Bu, qurumun hər həftə və hər ay yayımladığı rəsmi statistikada öz əksini tapır. Belə ki, ötən ay Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 278, tank əleyhinə 271 mina və 1695 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. İyun ayı ərzində ümumilikdə 5675,5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Qarabağa təhlükəsiz qayıdışın təmin edilməsində mühüm rol oynayan ANAMA vətəndaşları məsuliyyətli və sayıq olmağa, səyləri birləşdirərək işğaldan azad edilmiş ərazilərimizdə dayanıqlı və sağlam yaşayış mühiti yaratmağa çağırır.