Anar Kərimov iki regional idarəyə rəis təyin edib

mədəniyyət

Mədəniyyət Nazirliyində yeni kadr təyinatları olub.

“QİA.az” xəbər verir ki, mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Bəxtiyar Vaqif oğlu Qılıncov Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Bəxtiyar Qılıncov 1974-cü ildə Tovuz rayonunda anadan olub. 1998-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunu (bakalavr), 2000-ci ildə Azərbaycan Dövlət Universitetini (magistr) bitirib.

1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında xarici turizm şurasında statistik üzrə mütəxəssis kimi fəaliyyət göstərib. 2001-2018-ci illərdə Gəclər, İdman və Turizm, Mədəniyyət və Turizm nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.

2018-ci ildən son təyinatadək Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsində işləyib.

İqtisad üzrə fəlsəfə doktorudur.

2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Nazirin digər əmrinə əsasən, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Şahin Yusif oğlu Şahbazov təyin olunub.

Şahin Şahbazov 1984-cü ildə anadan olub. 2006-cı ildə “Muzey işi və abidələrin mühafizəsi” ixtisası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini (bakalavr), 2008-ci ildə Bakı Dövlət Universitetinin (magistr) “Tarix” fakültəsini fərqlənmə diplomları ilə bitirib.

Əmək fəaliyyətinə 2004-cü ildə Qobustan Milli Tarix-Bədii Qoruğunda başlayıb. 2013-2021-ci illərdə Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2012-2018-ci illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı olub.

2019-cu ildən, həmçinin Xəzər Universitetində pedaqoji fəaliyyət göstərib. Dörd elmi məqalənin müəllifi, bir neçə kitabın redaktoru və tərtibatçısıdır.

Beynəlxalq Muzeylər Şurasının (İCOM) üzvüdür.

Oxşar Xəbərlər