Anar Məmmədov: “Bu ərazilər Azərbaycan xalqının əbədi, tarixi torpaqlarıdır və artıq Qarabağımızda həyat canlanmağa başlayıb”

Mar 17, 2021 #Anar Məmmədov

Cənab Prezident artıq bir neçə dəfədir ki, işğaldan azad edilmiş ərazilərimizdə səfərdə olur.

Prezidentin Füzuli və Xocavəndə və digər azad edilmiş rayonlarımızda olması bir daha sübüt etdi ki, Azərbaycan xalqı bu ərazilərdə əbədi yaşayacaq. Bu ərazilər Azərbaycan xalqının əbədi, tarixi torpaqlarıdır və artıq Qarabağımızda həyat canlanmağa başlayıb. Bundan sonra da kimsə cürət edib, bu torpaqlara bir daha addım ata bilməz. Belə cəhd olarsa, anındaca layiqli formada dəmir yumruq payını almış olacaq.

Əfsuslar olsun ki, mənfur düşmən Ağdam, Füzuli və başqa rayonlarda olduğu kimi Xocavənddə də, keçmiş Hadrut rayonunda da, onun kəndlərində də böyük dağıntılar törədiblər. Azərbaycanlıların qədim yaşayış kəndi olan Tuğ kəndində azərbaycanlılara aid bütün evləri yerlə-yeksan ediblər. Erməni barbarları eyni zamanda qədim yaşayış məskəni kimi tanınan Azıx kəndini də, Azıx mağarasını da dağıtmağa cəhd ediblər. Onlar qanunsuz olaraq Azıx mağarasında işlər aparıblar. Heç bir şübhə yoxdur ki, ermənilər Azıx mağarasında qanunsuz işlər aparmaqla tarixi saxtalaşdırmağa çalışıblar.

Prezident bundan öncə işğaldan azad olunmuş rayonlarımızda hər 3 səfərində beynəlxalq aləmə erməni vəhşiliyini, vandalizimini açıq surətdə nümayiş etdirib. Bu baxımdan dünya ictimaiyyətinə erməni barbarlığının açıq şəkildə çatdırılması üçün səfərlərin xüsusi əhəmiyyəti var. Bütün dünya görməldir ki, erməni barbarları işğal müddətində Azərbaycan torpaqlarında hansı vəhşiliklərə əl atıb. Prezident İlham Əliyev ermənilərin vəhşiliklərinə toxunaraq onların bütün ərazini dağıtdıqlarını, viran qoyduqlarını, beynəlxalq ictimaiyyətin bu məsələyə laqeyd yanaşmasını xüsusi qeyd etdi. Bütün işğal edilmiş ərazilərimizdə törətdiklərinə görə ermənilərin cavab verəcəklərini, bu məqsədlə xarici ekspertlərin Azərbaycana dəvət ediləcəyini, qiymətləndirmənin həyata keçiriləcəyini xüsusi vurğuladı.

Hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə bərpa-quruculuq işləri həyata keçirməkdədir. Bu işlər çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin Prezident İlham Əliyev tərəfindən şəxsən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Digər tərəfdən işğaldan azad olunmuş əraziləri cənab Prezidentin özünün sükan arxasında gəzməsini, müşahidə aparmasını turizm və investisiyanın qısa zaman kəsiyində inkişafı üçün fakt kimi də dəyərləndirmək də olar. Çünki məhz turizm və investisiya imkanları sabitlik və təhlükəsizlik şəraitində mümkündür. Cənab Prezidentin növbəti səfərini həm də işğaldan azad olmuş torpaqlarda sabitlik və təhlükəsizliyin təmin olmasının qarantı kimi şərh etmək olar.

Bu səfər eyni zamanda, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daima xalqla yumruq kimi birliyinin, Azərbaycanın milli-mənəvi dəyərlərinə, mədəniyyət abidələrinə xüsusi önəm vermələrinin göstəricisi kimi yadda qalacaq.

Anar MƏMMƏDOV

Milli Məclisin deputatı

Oxşar Xəbərlər