Aprelin 5-də ABŞ-Avropa İttifaqı-Ermənistan formatında keçirilən görüş Ermənistanın Qərbə doğru hərəkətinin sonuncu təzahürü deyildi.
Brüsseldəki danışıqlardan sonra məlum olub ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının aprelin 12-də Minskdə keçiriləcək iclasında iştirak etməyəcək.
Son günlərin artıq yuxarıda qeyd etdiyimiz diqqətəlayiq hadisəsi olan Brüssel görüşünə gəlincə, ABŞ və Avropa İttifaqının Ermənistana vəd etdiyi təəccüblü dərəcədə cüzi maddi məbləğ istisna olmaqla, hələ də bu görüşün təfərrüatı barədə ətraflı məlumat yoxdur.
Amma hadisə əlamətdarlığını qoruyur və güman ki, çox şey bağlı qapılar arxasında qalacaq, mümkündür ki, müzakirələrdə Qərbin Ermənistana hərbi yardımından da söhbət gedib.
QİA.Az xəbər verir ki,bu barədə OXU.Az sözügedən məsələlərin şərhi üçün Rusiya Beynəlxalq Əlaqələr Şurasının elmi direktoru Andrey Kortunova müraciət edib:
– Sual Ermənistanın kimi tərk edib getməsi yox, hara gedəcəyidir. Bəli, artıq İrəvanla Paris arasında hərbi-siyasi əməkdaşlıq var, Fransa müəyyən silah növlərini İrəvana tədarük edir, yəqin ki, gələcəkdə bu tədarüklər artırıla da bilər. Doğrudur, hazırda Fransa və ABŞ-nin müəyyən çətinlikləri var, belə ki, Ukraynaya xeyli miqdarda silah tədarük olunur, ona görə də müəyyən çatışmazlıq var. Bundan əlavə, əgər məsələnin kommersiya tərəfindən danışsaq, Ermənistan o qədər də zəngin ölkə deyil ki, müasir Qərb silahlarını, xüsusən də mürəkkəb sistemləri əldə edə bilsin. Əgər təhlükəsizlik təminatından, Ermənistanın hansısa hərbi-siyasi ittifaqlara daxil olmasından danışırıqsa, burada heç bir açıq perspektiv yoxdur. NATO coğrafiyasına ən yaxın ölkələr üçün belə, Şimali Atlantika Alyansına daxil olmağın nə qədər çətin olduğunu görürük. Ermənistan Alyansdan uzaqda yerləşir. Cənubi Qafqazın əhəmiyyətinə baxmayaraq, bu region hələ də ABŞ üçün prioritet deyil.
Bölgədəki qeyri-sabitliyi nəzərə alaraq necə öz üzərinə təhlükəsizlik öhdəliyini götürmək olar. Yaxın gələcəkdə Qərbdə belə bir qərarın veriləcəyini düşünmürəm. Amma Ermənistan ordusunun modernləşdirilməsi üçün hansısa yardım proqramlarının ayrılması, o cümlədən birgə təlimlərin keçirilməsi, Fransa və ABŞ-dən olan müəyyən sayda hərbi məsləhətçilərin İrəvana göndərilməsi, təbii ki, mümkündür. Amma bu, Ermənistana təhlükəsizlik zəmanəti vermək demək deyil. Bundan əlavə, Ermənistan hələ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmayıb və Rusiya Federasiyası ilə strateji sazişləri pozmayıb. Aydındır ki, bütün bu məsələlər son dərəcə həssas olaraq qalır. Təsadüfi deyil ki, Brüsseldə aparılan danışıqların əhəmiyyətli bir hissəsi pərdə arxasında qalıb.
– Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin bu yaxınlarda verdiyi bəyanatı xatırlayıram. O qeyd etmişdi ki, Paris müdafiə sahəsində Ermənistan qarşısında öhdəliklər götürür. Belə bir ifadəni necə başa düşmək olar? Əgər kimsə Ermənistana hücum edəcəksə, Fransa öz qoşunlarını oraya göndərəcək?
– Açığı, belə bir ssenarini təsəvvür etməkdə çətinlik çəkirəm. Fransa hətta Parislə uzunmüddətli hərbi əlaqələri olan ölkələrdə belə, təhlükəsizliyin təmin edilməsində çətinlik çəkir. Təkcə Saheldə (Saxara səhrasının cənubunda yerləşən region – red.) sürətlə dağılan “Frankofoniya” zonasını xatırlatmaq kifayətdir. Ona görə də artıq dediyim kimi, söhbət fransız silahlarının bəzi növlərinin tədarükündən gedə bilər. Burada əsas sual budur ki, qiymətlərin yüksək olduğu bu “supermarket”də Ermənistan nəyi ala bilər. Düzdür, güman etmək olar ki, bəzi tədarüklər pulsuz olacaq və ya digər güzəştli formatlar əsasında veriləcək. Amma istənilən halda kommersiya silahlarının tədarükü bir şeydir, təhlükəsizlik təminatının verilməsi isə tamam başqadır. Yaxın gələcəkdə Qərbin bu öhdəliyi öz üzərinə götürməsi üçün sadəcə olaraq, heç bir imkan görmürəm.
Düzünü desək, Qərbin vəzifəsi başqadır, bu, İrəvanı Moskvadan qoparmaq və əgər mümkün olarsa, İrana qarşı istifadə oluna biləcək başqa bir plasdarm yaratmaqdır.
– Bəs Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxması ehtimalını görürsünüzmü? Çox söz danışıldı, amma İrəvanın konkret addımları müşahidə edilmir.
– İrəvandakı siyasətçilərin açıqlamalarına qulaq assanız, aydın olur ki, onlar imkan daxilində Ermənistanın Qərbə doğru hərəkətinə və Rusiya ilə strateji tərəfdaşlığı saxlamaq imkanlarına qarşı çıxmamağa çalışırlar. Amma münasibətlərdə artıq müəyyən çətinliklər yaranır, ona görə də İrəvan üçün tarazlığa nail olmaq asan olmayacaq.
Təəssüf ki, Qərb Cənubi Qafqazdakı vəziyyəti sıfır məbləğli oyun kimi qəbul edir. Rusiyanın istənilən formada güclənməsi Qərbin mövqelərinin zəifləməsi kimi qəbul edilir. Belə davam edərsə, bir daha deyirəm, Ermənistan rəhbərliyi üçün balansı saxlamaq çox çətin olacaq. Üstəlik, iqtisadi əlaqələrin həcmi baxımından bütün Qərb ölkələri birlikdə Ermənistanın əsas iqtisadi tərəfdaşı kimi Rusiyanı, çətin ki, əvəz edə bilər. Deməli, Rusiya ilə iqtisadi münasibətlər pozulmağa başlasa, bu, Nikol Paşinyan üçün çətin olacaq.
Nair Əliyev