Aprel ayı istanbullular və şəhərin qonaqları üçün Lalə Festivalı ilə yadda qalır. Hər ilin apreli İstanbulun Emirgan qoruğu, Gülhane parkı, Sultan Ahmet Meydanı kimi müxtəlif bölgələri lalələrlə bəzədilir.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu il keçirilən festival çərçivəsində şəhərin müxtəlif yerlərində 158 növ lalə, 7 növ sünbül, 8 növ nərgiz olmaqla, ümumilikdə 7 milyon 962 min 701 gül əkilib.
Festivalın adı Osmanlı imperiyasının bir dövrünü tərənnüm edir. Osmanlı padşahlarından III Ahmetin hakimiyyətinə təsadüf edən (1718-1730-cu illər) “Lalə dövrü” əyləncə illəri kimi tanınır və adını çox sonralar İstanbulda yetişdirilən, zamanla bütün dünyada məşhurlaşan lalə çiçəklərindən alıb. Bəzi mənbələrdə o dövrdə İstanbulda 200-dək lalə növünün yetişdirildiyi barədə məlumatlar var.
Hər il konsertlər, foto və rəsm sərgiləri, idman yarışları kimi müxtəlif tədbirlərlə yadda qalan festival çərçivəsində 2015-ci ildə İstanbulun Sultanahmet meydanında 545 min lalədən istifadə edilərək dünyada ilk dəfə çiçəkdən hazırlanan xalça sərgilənib.