“Fermerlər payızlıq əkin bəyanlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS-də) nə qədər tez yerləşdirsələr, subsidiyaların ödənilməsi ilə bağlı prosedur bir o qədər sürətlə gedəcək”.
“QİA.AZ” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin fermerlərə müraciətində bildirilir.
“Fermerlərin torpaq sənədləri sistemdə artıq hazırdır. EKTİS-də qeydiyyatdan keçənlər eagro.az saytındakı şəxsi kabinetlərinə daxil olub bu payız mövsümündəki əkinlərini bəyan edə bilərlər. Qeydiyyatdan keçməyən fermerlər isə əvvəlcə qeydiyyatdan keçib, sonra bu proseduru yerinə yetirməlidirlər. Əkin bəyanları noyabrın sonuna qədər başa çatdırılmalıdır. Daha sonra bu bəyanlar əsasında fermerlər subsidiya məbləğlərini hesablayıb, subsidiya üçün müraciət etməlidir. Əkin bəyanını vaxtında etməyən fermer subsidiya üçün müraciət imkanını qaçıracaq.
İnternetə çıxışı olan fermerlər öz şəxsi kompüter və tabletlərindən istifadə etməklə, internetə çıxışı olmayan fermerlər isə Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, Kənd Təsərrüfatı Nazirliyinin səyyar xidmət mikroavtobuslarına müraciət edərək əkinlərini bəyan edə bilərlər”, – deyə qurum bəyan edib.
Bu ilin əvvəlindən fermerlər subsidiya üçün müraciəti EKTİS üzərindən, onlayn edirlər və subsidiya “Fermer Kartı”na köçürülür. Yeni subsidiya qaydaları əsasında 2019-2020-ci il payız əkinləri, 2020-ci il yaz əkinləri və çoxillik əkinlərə görə 407 mindən artıq fermerə 232 milyon manata yaxın subsidiya ödənilib.