Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzliyə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində beynəlxalq müşavirlər seçilib.
Qurumdan “QIA.AZ”a verilən məlumata görə, agentlik sədrinin Latviya, İspaniya və Türkiyədən olan müşavirlər ilə ilk görüşü keçirilib. Görüşdə xarici ekspertlər – Ringolds Arnitis (Latviya), Ana Allende (İspaniya), Güven Güneren, Nevzat Birişik, Veli Cengiz Özalp (Türkiyə) və Agentliyin əməkdaşları iştirak edib.
Agentlik sədri müşavir kimi cəlb olunan xarici ekspertlərə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları və Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə ətraflı məlumat verib. Bildirib ki, erməni təcavüzü nəticəsində həmin ərazilərdə zəngin bitki örtüyünə ciddi ziyan dəymiş, habelə karantin və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri aparılmadığı üçün bir çox bitki növləri məhv olmuş və zərərvericilərin yayılma arealı genişlənmişdir. Bununla yanaşı, işğal altında olan ərazilərdə 30 ilə yaxın müddətdə epizootiya əleyhinə tədbirlər görülməmiş, heyvanların miqrasiyasına nəzarət həyata keçirilməmişdir.
AQTA sədri, həmçinin təmsil etdiyi qurumla əməkdaşlıq edən xarici ekspertlərə Agentliyin fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. Bildirib ki, son illər ölkəmizdə yeni qida təhlükəsizliyi mexanizminin formalaşdırılması, bu sahədə tarladan süfrəyədək bütün qida zənciri iştirakçılarının fəaliyyətinin qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılması istiqamətində islahatlar həyata keçirilir.
Agentlik sədri bildirib ki, AQTA ölkədə yeni qida təhlükəsizliyi sisteminin daha da inkişaf etdirilməsi məqsədilə müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir və xarici ekspertlərin də cəlb edilməsi prosesə mühüm töhfə verəcək.
Görüşdə Qida Təhlükəsizliyi İnstitutu tərəfindən elmi-praktiki araşdırmalar və tədqiqat işlərinin aparılması, qida təhlükəsizliyi sahəsində standartların və digər normativ texniki hüquqi aktların layihələrinin hazırlanması, beynəlxalq standartların tətbiq edilməsi üzrə təlimlərin təşkili, qida təhlükəsizliyi sahəsində peşəkar mütəxəssislərin hazırlanması mövzularında geniş fikir mübadiləsi aparılıb. Yerli və xarici sahibkarlarla qarşılıqlı əməkdaşlığın yaradılması, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsinin aparılması kimi mövzularda xarici ekspertlərin fikirləri dinlənilib.
Qeyd edək ki, beynəlxalq müşavirlər qurum əməkdaşlarına qida təhlükəsizliyinə dair yeni prosedurlarla bağlı təlimlərin verilməsi, ölkədə mövcud olan qida təhlükəsizliyi təcrübələrinin və prosedurlarının inkişaf etdirilməsi, texniki normativ hüquqi aktların, təlimatların hazırlanması və beynəlxalq tələblərə uyğunlaşdırılmasında köməklik göstərəcəklər. Eyni zamanda, müşavirlər risk qiymətləndirilməsi prinsiplərinin tədrisi, elmi tədqiqatların aparılması, laboratoriyaların fəaliyyətinin dəyərləndirilməsi, yeni metodologiyalara görə modernizasiyası üzrə təkliflərin hazırlanması sahəsində öz təcrübələrini bölüşəcəklər.
Beynəlxalq müşavirlərin cəlb edilməsində məqsəd ölkəmizdə qida təhlükəsizliyi sisteminin davamlı inkişaf etdirilməsi, milli qanunvericilik aktlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, risk qiymətləndirilməsi, fitosanitar, baytarlıq sahəsində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması, kadr hazırlığının yüksəldilməsidir.