AQTİ mütəxəssisləri tərəfindən ictimai iaşə sahələrinin əməkdaşlarına “İctimai iaşə müəssisələrində ilkin şərtlər proqramları və minimum sanitar-gigiyenik normaların qorunması” mövzusunda növbəti nəzəri-praktiki təlim keçirilib.
Bu barədə QİA.AZ-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Təlim çərçivəsində gündəlik qida istehsalı sahələrində ümumi gigiyena qaydalarının yaxşılaşdırılması, anbar və xammal tədarükü sahələrində düzgün mal qəbulu standartlarının tətbiqi, “FIFO” prinsipi mexanizminə əsaslanaraq ərzaq dövriyyəsində izlənəbilərliliyinin gücləndirilməsi, istehsal və xidmət mərhələsində riski meydana gətirə biləcək səbəblərin aradan qaldırlması, dövri olaraq zərərvericilərin neqativ fəaliyyətinə dair monitorinqin aparılması, binaların, o cümlədən iş sahəsinin və işçilərin obyektlərinin planlaşdırılması və s. haqqında ətraflı məlumat verilib.
Eyni zamanda təlim iştirakçıları hava, su, enerji və digər kommunal xidmətlərin təchizatı, tullantıların və kanalizasiyanın utilizasiyası da daxil olmaqla dəstəkləyici xidmətlər, avadanlığın yararlılığı və onun təmizləmə, texniki xidmət və profilaktik təmir üçün əlçatanlığı, inqrediyentlər, çarpaz çirklənmənin qarşısının alınması üçün tədbirlər və satın alınan materialların (xammal, kimyəvi maddələr, qablaşdırma və s.) təchizatı prosesilə əyani formada yaxından tanış olublar.
Sonda iştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.