Avropa Şurası Parlament Assambleyası (AŞPA) siyasi haqq-hesabların çürüdülməsi və narazılığını bildirənlərə təzyiq edilməsi üçün növbəti vasitəyə çevrilib.
Bu fikri AZƏRTAC-a açıqlamasında rusiyalı politoloq, “PolitRus” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov AŞPA-da anti-Azərbaycan mexanizminin işə salınmasını və buna cavab olaraq, Azərbaycan nümayəndə heyətinin bu təşkilatla qarşılıqlı əməkdaşlığını və orada iştirakını növbəti xəbərdarlığa qədər dayandırmaq qərarına gəlməsini şərh edərkən bildirib.
“Azərbaycanın bəyan edilmiş məqsəd və vəzifələrə çoxdan riayət etməyi dayandırmış, siyasi haqq-hesabların çürüdülməsi və narazılığını bildirənləri ABŞ-ın, habelə, Avropa İttifaqını ələ keçirənlərin, – bu, əvvəlcə Almaniya idi və “polad kansler” Angela Merkeli “mülayim” Olaf Şolts əvəz etdikdən sonra, iplər Fransanın əlinə keçdi, – kuklasına çevirmək üçün alətə çevrilmiş AŞPA-dan çıxmasını alqışlayırıq”, – deyə ekspert əlavə edib.
“1949-cu ildə yaradılan AŞPA (o zaman Avropa Şurasının Məşvərət Məclisi) özünü Lissabondan Vladivostoka qədər “Böyük Avropanın” humanitar və hüquqi dayağı olmaq üçün təsis edilmiş və siyasiləşdirilməmiş qurum kimi qələmə verib. İndi bu təşkilatın əslində nə olduğu artıq Azərbaycanda da dərk edilib və müdrik qərar qəbul olunub. Avrasiya məkanında və bütövlükdə dünyada üzvlərinin bir-birinə hörmətlə yanaşdıqları, ümumi problemlər üzrə kollegial həll yolları işləyib hazırladıqları kifayət qədər dövlətlərarası birlik mövcuddur. Bir sıra təşkilatlarda Azərbaycan hətta “ilk təşəbbüs göstərən üzvlərdən biri kimi çıxış edir və cari gündəliyin həqiqətən aktual məsələlərini müzakirəyə təklif edir” – deyə V.Arkov qeyd edib.
Onun sözlərinə görə, Brüsseldə və Strasburqda Bakı ilə Avropa strukturları arasında münasibətlər çoxdan mürəkkəb xarakter alıb – “siyasi məftunluğun və heyranlığın vaxtı” çoxdan keçib. Avropada maskalar çıxarılaraq atılıb. “Azərbaycan hər dəfə Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vacibliyini və öz ərazi bütövlüyünün bərpasının zəruriliyini bəyan edəndə, onun ünvanına demokratiyanın əsaslarının tapdalanması, siyasi repressiyaların edilməsi və s. ilə bağlı yalan ittihamlar səsləndirilirdi. Bir müddətdir ki, Azərbaycanı təcavüzkar dövlət kimi qələmə verməyə və ona qarşı sanksiyalar tətbiq etməyə çalışırlar. Ona görə ki, o, 30 il Ermənistanın işğalı altında olan öz tarixi torpaqları üzərində nəzarəti bərpa edib. Bütün bu 30 il ərzində Avropa qurumlarından heç biri həqiqi təcavüzkarın və işğalçının cəzalandırılması üçün heç bir tələb irəli sürməyib” – V. Arkov əlavə edib.