Beşinci Ümumdünya Köçəri Oyunları çərçivəsində “Qazaxıstan mədəniyyəti və idmanı” seriyasından olan yubiley poçt markasının təqdimatı ilə bağlı xüsusi mərasim keçirilib.
QİA.az Oyunların Təşkilat Komitəsinə istinadla xəbər verir ki, V Ümumdünya Köçəri Oyunlarına həsr olunmuş yubiley poçt markası filateliya sənətinin nadir əsəridir.
Markanın üzərində əzmkarlıq və öz köklərinə sədaqət rəmzi olan qədim ənənənin qoruyucusu “Berkutçi” obrazı təsvir edilib. Brendin mərkəzi elementi köçərilərin fəlsəfəsində təcəssüm olunmuş həyat dövrünü – zaman və məkanın vəhdətini simvolizə edən büzməli dairədir.
Markanın tirajı 5000 nüsxədir. Qoruyucu UV mürəkkəbi və qızıl folqa damğası ilə hazırlanmış marka istənilən kolleksiyanın ayrılmaz hissəsinə və köçəri xalqların mədəni irsinə hörmət rəmzinə çevriləcək.
Qeyd edək ki, beşinci Ümumdünya Köçəri Oyunları sentyabrın 8-13-də keçiriləcək.
Tədbirdə 89 ölkədən 2800-ə yaxın nümayəndənin iştirakı gözlənilir. Astanada keçiriləcək V Ümumdünya Köçəri Oyunlarında 21 idman növü üzrə 97 dəst medal uğrunda yarışlar olacaq.