Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
QİA.AZ bildirib ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Sərək kənd sakini Əlihaddin Baxşıyev Astara şəhəri ərazisində 39 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən cinayət başında saxlanılıb. Saxlanıldıqdan sonra onun üzərindən əlavə olaraq 16 qram qurudulmuş marixuana aşkar edilib.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Ə.Baxşıyevin yaşadığı evə keçirilən baxış zamanı həmin evin həyətyanı sahəsində torpağa basdırılmış şəffaf qab və kibrit qutularında ümumilikdə 569 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.