“AstraZeneca“ peyvənd dozlarının ixracı müvəqqəti dayandırılıb

Avropa İttifaqı (Aİ) ölkələrində istehsal olunmuş “AstraZeneca“ peyvənd dozlarının ixracı hələlik qadağan edilib.

QİA.AZ xəbər verir ki, Aİ-nin daxili bazar üzrə komissarı Tyerri Breton bu barədə məlumat verib. Bildirib ki, bu qayda konsernin peyvənd dozlarının çatdırılmasına dair öhdəliklərini yerinə yetirənə qədər qüvvədə olacaq. Komissar, həmçinin qeyd edib ki, digər istehsalçılar peyvəndlərin çatdırılmasına dair öhdəliklərini nəzərdə tutulmuş vaxt planı üzrə yerinə yetirirlər. Lakin Aİ “AstraZeneca“ konserni ilə problemlər yaşayır, belə ki, istehsalatda yaranmış ləngimələrə görə, şirkət çatdırmalı olduğu məhsulun həcmini kəskin şəkildə aşağı salıb.

Aİ məkanında peyvənd istehsalını sürətləndirmək üçün Avropa Dərman Agentliyi (EMA) iki yeni istehsalat müəssisəsinə “yaşıl işıq” yandırıb. Almaniyanın Marburq şəhərindəki müəssisə “BioNTech/Pfizer” peyvəndini, Niderland Krallığının “Halix” şirkəti isə “AstraZeneca” istehsal edəcək. Hər iki müəssisədə indiyədək peyvəndlər istehsal olunsa da, müvafiq Avropa lisenziyası almadıqlarına görə, peyvənd dozları anbarlarda saxlanılırdı. Aİ səhiyyə komissarı Stella Kiriakides hər iki müəssisəyə verilən icazəni yüksək qiymətləndirib və peyvənd çatışmazlığının aradan qaldırılmasına töhfə verəcəyini bildirib. Hesab olunur ki, bu yolla “AstraZeneca” şirkətinin Aİ qarşısında götürdüyü öhdəliyin bir qismi təmin olunacaq.

Qeyd edilməlidir ki, İtaliyada anbarların birində aşkarlanan 29 milyon doz “AstraZeneca” peyvəndi hazırda Aİ qurumları və şirkət arasında münasibətləri gərginləşdirib. Aİ-nin peyvənd dozaları ilə təminatında ləngimələr yaşayan şirkətin bu miqdarda peyvəndi Böyük Britaniyaya ixrac etməyə hazırlaşması ciddi narazılıq doğurub.

Oxşar Xəbərlər