Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə üzrə ölkə çempionatına yekun vurulub.
QİA.az xəbər verir ki, bu barədə AKAF-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq yeniyetmə və gənc idmançı çempionluq uğrunda mübarizə aparıb.
Ölkə çempionatında avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500, 1000 metr, akademik avarçəkmədə isə 1, 2 və 4 nəfərlik qayıqlarda 1000, 1500 metr məsafədə birinci olmağa çalışıb.
Qalib idmançılar diplom və medallarla mükafatlandırılmaqla yanaşı, oktyabrda baş tutacaq ənənəvi “Mingəçevir Reqatası” beynəlxalq turnirində iştirak edəcək heyətə cəlb olunacaq.