Avqustda Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.
QİA.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, uzunmüddətli proqnoz təhlillərinə əsasən avqust ayında da digər aylarda olduğu kimi, yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Ayın ilk günlərində əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunsa da, gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ərazimizin mürəkkəbliyini nəzərə alaraq hər bir bölgə üçün avqust ayında gözlənilən meteoroloji şərait xüsusi təhlil edilib.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 24-26° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 22-27°, gündüzlər 29-34° isti, bəzi günlərdə 36-39° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir (norma 6-8 millimetr).
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 25-27° isti olacaq. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 19-24°, gündüzlər 29-34° isti, bəzi günlərdə 36-39° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı bildirilir (norma 6-10 millimetr).
Xankəndi şəhərində, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 16-19° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 13-18°, gündüzlər 20-25° isti, bəzi günlərdə 30-35° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (26-55 millimetr).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturu 20-23° isti olacaq. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 11-16°, gündüzlər 18-23° isti, bəzi günlərdə 25-30° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı da iqlim normasına yaxın olacaq (norma 15-37 millimetr).
Gəncə şəhərində, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 24-26° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 17-22°, gündüzlər 27-32° isti, bəzi günlərdə 35-38° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (19-27 millimetr).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 22-25° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr 16-21° isti, bəzi günlərdə 9-14° isti, gündüzlər 23-28°, bəzi günlərdə 31-36° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı proqnozlaşdırılır (norma 13-116 millimetr).
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 25-27° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın temperaturu gecələr gecə 20-25°, gündüzlər 29-34° isti, bəzi günlərdə 37-39° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir (norma 6-22 millimetr).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturu 22-25° isti olacaq. Bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 18-23°, gündüzlər 27-32° isti, bəzi günlərdə 35°-dək isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir (norma 13-83 millimetr).
Qeyd edək ki, aylıq hava proqnozlarının hazırlanması zamanı əsas təhlil olunan meteoroloji faktorlar temperatur və yağıntı rejimidir. Hava temperaturunun paylanması və rejimi əhatə olunan rayonun relyef xüsusiyyətlərindən asılıdır. Belə ki, ərazi üzrə hava temperaturunun dəyişkənliyi yerli atmosfer dövranı və sinoptik şəraitdən asılı olub, onun illik gedişinə təsir edən amillərdən biri hesab olunur.