Avropa çempionatına ev sahibliyi edəcək istənilən şəhər aprelin 28-dək tamaşaçı tutumunu artıra bilər.
“QİA.az” xəbər verir ki, bu barədə turnirin Rusiya hissəsinin Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, UEFA kvotanın artılması üçün icazə verir: “Görünən odur ki, bu, bütün matçlar üçün deyil, bəzi oyunlar üçün edilə bilər. Bəzi qarşılaşmalarda sayın artırıla bilməsi çox qəribədir. Niyə hamısının sayı artmasın?”
Sorokin deyib ki, yarımfinallar və final AVRO-2020-nin ən vacib görüşləridir: “Bu səbəbdən, bunlardan ayrı-ayrılıqda danışırıq. Amma hansısa şəhərdə bir oyun üçün başqa, digəri üçün isə fərqli azarkeş sayının olması olduqca qəribədir”.
Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.