AVRO-2020: Millimizin baş məşqçisi İtaliyaya xəbərdarlıq edib

“Türkiyə millisinin heyətində beynəlxalq təcrübəsi olan futbolçular var. Burak Yılmaz, Yusuf Yazıcı və Zeki Çelik “Lill”in tərkibində Fransa çempionu oldular. Hakan Çalhanoğlunu isə hamımız tanıyırıq”.

QİA.AZ -ın məlumatına görə, bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “Tuttosport” nəşrinə açıqlamasında bu gün Türkiyə və İtaliya yığmaları arasında keçiriləcək Avropa çempionatının açılış matçı ilə bağlı danışarkən deyib.

İtaliyalı mütəxəssis rəqibin heyətində həmyerliləri üçün ən təhlükəli oyunçunun Burak Yılmaz olduğunu bildirib: “Amma onun qarşısında öz işini ən yaxşı şəkildə görənlərdən biri – Corco Kyellini olacaq. Yarımmüdafiəçilər – Okay Yokuşlu və Ozan Tufan komandanın ürəyidir. Kenan Karaman da cərimə meydançasında inamlı oyunu ilə seçilir”.

65 yaşlı baş məşqçi “ay-ulduzlular”ın ən zəif yerinin isə müdafiə xətti olduğunu söyləyib: “Müdafiədə güclü deyillər. Qəribə səslənsə də, Azərbaycanla oyunda məni təəccübləndirmədilər. Merih Demiral hələ karyerasının pik nöqtəsində deyil. Çağlar Söyüncü isə “Lester”in heyətində İngiltərədəki uzun mövsümün əziyyətini çəkir. Amma ikili mübarizələrdə müəyyən çətinliklər yarada bilərlər”.

İtaliya millisinin oyununa da toxunan De Byazi komandanın çıxışını bəyəndiyini vurğulayıb: “Bütün matçlar xüsusi diqqət və tətbiq tələb edir. Baş məşqçi Roberto Mançini uşaqlara vacib layihədə iştirak etmək imkanı verdi. Onlara doğru zehniyyəti aşıladı. Bu baxımdan onunla müqavilənin uzadılması doğru qərardır. Mançiniyə uğurlar arzu edirəm”.

Qeyd edək ki, Avropa çempionatı bu gün Romadakı “Olimpiko” stadionunda keçiriləcək İtaliya – Türkiyə matçı ilə start götürəcək.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Oxşar Xəbərlər